Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
Bakı, 2 aprel, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları Misir Ərəb Respublikasının Asvan şəhərində keçirilən “Ərəb ədəbi mühitləri” adlı XI beynəlxalq konfransda iştirak ediblər.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, konfransda institutun dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradov “Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun ərəb ədəbiyyatının öyrənilməsində rolu” mövzusunda çıxış edib. O, məruzəsində Azərbaycanın qədim tarixindən, mədəniyyətindən, elm və din sahəsindəki rolundan bəhs edib. Azərbaycanın elm-təhsil müəssisələrinin ərəb dili və ədəbiyyatının öyrənilməsinə və tədrisinə böyük əhəmiyyət verdiyini diqqətə çatdıran İ.Əlimuradov AMEA-nın yaranması, inkişafı, akademik Z.Bünyadovun elmi xidmətləri, Şərqşünaslıq İnstitutunun elmi fəaliyyəti haqqında ətraflı məlumat verib. Ərəb dili və ədəbiyyatının Şərqşünaslıq İnstitutu ilə yanaşı Aİİ, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Avrasiya Universitetində tədris edildiyini konfrans iştirakçılarının nəzərinə çatdırıb.
Aİİ-nin xarici əlaqələr üzrə baş mütəxəssisi, doktorant Şəms Bağırova isə konfransda “Əbdülqahir əl-Cürcaninin nəzm nəzəriyyəsi (əl-Mütənəbbinin poeziyasından nümunələr əsasında)” mövzusunda məruzə edib.
Görkəmli dilçi alim Əbdülqahir əl-Cürcaninin və dahi ərəb şairi əl-Mütənəbbinin yaradıcılığından bəhs edən Ş.Bağırova məruzəsində bir sıra mühüm məsələlərə toxunub. O, nəzm nəzəriyyəsinin banisi olan əl-Cürcaninin “Dəlail əl-İcaz” əsərinə müraciət edərək, əl-Mütənəbbinin şeirlərini nəzm konsepsiyasında şərh edib.
Aİİ-nin əməkdaşları konfrans iştirakçılarına Aİİ-nin yaranması, fəaliyyəti və həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat veriblər.
Səfər çərçivəsində Aİİ-nin əməkdaşları ölkəmizin Misir Ərəb Respublikasındakı səfirliyində olublar. Onlar səfirliyin əməkdaşı Emil Rəhimov və “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, “Halqa” Fondunun baş direktoru, Qahirə Universitetinin Azərbaycan dili müəllimi, tədqiqatçı Seymur Nəsirov ilə görüşüblər. Aİİ-nin Misirin müvafiq elm-təhsil müəssisələri ilə əlaqələrinin qurulması, xarici təcrübənin öyrənilməsi, mövcud imkanlar və gələcək perspektivlər haqqında fikir mübadiləsi aparıblar.