Azərbaycan İlahiyyat İnstitutunun “Qış məktəbi”ndə tələbələr üçün təlimlər təşkil edilib
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Şamaxı rayonunda “Din, mədəniyyət və cəmiyyət” mövzusunda “Qış məktəbi” təşkil edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, fevralın 2-nə qədər davam edəcək “Qış məktəbi”nin təşkilinin əsas məqsədi tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, onların ölkəmizdə mövcud multikultural, tolerant mühitin canlı şahidi olmalarıdır.
İnstitutun kollektivi ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə tər çiçəklər düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
“Qış məktəbi”nin ilk günündə tələbələr üçün idarəçi, biznes məsləhətçisi Fəxri Ağayevin “Şəxsi inkişafda mütaliənin rolu”, “Şəxsi inkişaf və karyera” mövzularında təlimləri təşkil olunub.
F.Ağayev insanın şəxsiyyət kimi formalaşmasında mütaliənin xüsusi rolundan bəhs edib. Bildirib ki, insan mütaliə edərək öz dünyagörüşünü, biliklərini, həyat təcrübəsini, mənəviyyatını, nitq qabiliyyətini daha da zənginləşdirir. Gənclərimiz istər orta, istərsə də ali tədris müəssisələrində istifadə etdikləri vəsaitlərdə nəzərdə tutulan biliklərdən tam məlumat ala bilmirlər. Müəyyən vaxt çərçivəsində məhdudlaşan ali və orta ixtisas təhsili məktəblərinin proqramları lazımi məlumatları özündə bütöv şəkildə əks etdirmir. F.Ağayev “Şəxsi inkişaf və karyera” mövzusunda məruzəsində isə qeyd edib ki, uğurlu karyera qurmaq üçün təkcə sahə və peşə bilikləri yetərli deyil, həmçinin insanın sosial vərdişləri, bacarıqları da xüsusi əhəmiyyət daşıyır.
Sonra tələbələr Prezident İlham Əliyevin göstərişi ilə bərpa edilən, yaşı əsrlərlə ölçülən Dəmirçi məscidini ziyarət ediblər. Tələbələrə məlumat verilib ki, tarixi abidəmiz olan bu qədim məscid 755-ci ildə tikilib. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə bütün tarixi abidələr, ziyarətgahlar, məscidlər bərpa edilir, əsaslı təmir olunur və yeniləri inşa olunur.
Günün sonunda tələbələrin asudə vaxtının səmərəli təşkili üçün film nümayiş olunub.