AZƏRBAYCAN İLƏ ABŞ-IN TƏHSİL ƏLAQƏLƏRİ İLDƏN-İLƏ GENİŞLƏNİR
İyunun 9-da Təhsil Nazirliyində Amerika Birləşmiş Ştatlarının (ABŞ) təhsil sahəsi üzrə bir qrup mütəxəssislərindən ibarət nümayəndə heyəti ilə görüş olmuşdur.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, nazir Misir Mərdanov görüşdə ABŞ-ın Ali Təhsilin Akkreditasiyası Şurası Prezidentinin iştirak etdiyini qeyd edərək, son illər ölkəmizdə müvafiq sahədə akkreditə üzrə aparılan işlərdən danışmışdır. Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındakı əlaqələrin əhəmiyyətini vurğulayan nazir xeyli sayda azərbaycanlı gəncin ABŞ-da müxtəlif proqramlar üzrə təhsil aldığını diqqətə çatdırmışdır.
M.Mərdanov ölkəmizin Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq olunmuş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. Nazir demişdir ki, 2015-ci ilədək 5000-ə qədər gəncin xaricdə təhsil alması nəzərdə tutulmuşdur.
ABŞ Dövlət Departamentinin təhsil bürosu və mədəni məsələlər üzrə xüsusi nümayəndəsi David Plak təmsil etdiyi təşkilatın bir sıra proqramlar həyata keçirdiyini bildirmişdir.
Ali Təhsilin Akkreditasiyası Şurasının Prezidenti xanım Judis İton rəhbəri olduğu qurumun məqsəd və məramını, akkreditasiya sahəsində gördüyü işləri açıqlamışdır.
Sonra təhsil əlaqələri ilə bağlı müzakirələr aparılmışdır.