AZƏRBAYCAN İLƏ BELARUS ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAFININ GENİŞ PERSPEKTİVLƏRİ VARDIR
Yeni təyinatı münasibətilə səfiri təbrik edən nazir Kəmaləddin Heydərov, ona ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi sahəsində görəcəyi işlərdə uğurlar arzulamışdır.
Səfir Nikolay Pastkeviç Belarus-Azərbaycan münasibətlərinin bütün səviyyələrdə inkişaf etdirilməsi üçün potensial imkanların olduğunu bildirmiş, Azərbaycanda fəaliyyət göstərəcəyi müddətdə əməkdaşlığın möhkəmləndirilməsi üçün səyini əsirgəməyəcəyini diqqətə çatdırmışdır.
Dinamik inkişaf edən Azərbaycanın daha da güclənməsi üçün potensial imkanların olduğunu söyləyən səfir demişdir ki, birgə layihələrin həyata keçirilməsi hər iki tərəf üçün faydalı olardı.
Səfir Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə maraqlanmış, ölkələrimizin müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışmışdır.
Ölkələrimiz arasında münasibətlərin daha da dərinləşdirilməsi üçün yaxşı perspektivlərin olduğunu söyləyən K.Heydərov, Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə səfirə ətraflı məlumat vermişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılan Fövqəladə Hallar Nazirliyinin vəzifələrindən danışan K.Heydərov, təbii və texnogen xarakterli hadisələrin qarşısının alınması, onların nəticələrinin çevik surətdə aradan qaldırılması üçün ciddi addımların atıldığını söyləmişdir. Nazir demişdir ki, yeni qurumun formalaşdırılmasında beynəlxalq təcrübədən istifadə edilir, fövqəladə halların qarşısının alınması sahəsində qabaqlayıcı tədbirlərin görülməsi üçün müasir texnika və texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir. K.Heydərov nazirliyin nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində iş aparıldığını da səfirin diqqətinə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.