AZƏRBAYCAN İLƏ KANADANIN NOVA SKOTİYA ƏYALƏTİ ARASINDA ƏLAQƏLƏRİN İNKİŞAF PERSPEKTİVLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Səfir Nova Skotiyanın leytenant-qubernatoru Mayann E.Fransiz, parlamentin sədri Sesil Klark, Halifaks şəhərinin meri Piter Kelli, Baş nazirinin nümayəndəsi, iqtisadi inkişaf naziri Riçard Harlburt və təhsil naziri xanım Karen Keysi ilə görüşmüşdür.
F.Qurbanov ölkələrimiz arasında diplomatik münasibətlərin tarixi haqqında məlumat vermiş, Azərbaycanın Kanada ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini və bu məqsədlə səfirliyin açıldığını diqqətə çatdırmış, Kanadanın da Bakıda səfirliyinin açılmasına ehtiyac olduğunu vurğulamışdır.
Parlamentin sədri S.Klark son dövrlərdə Azərbaycan iqtisadiyyatına qoyulmuş milyardlarla dollar sərmayənin ölkənin gələcək inkişafını və yeni şəraitə uyğunlaşmasını təmin edəcəyinə əmin olduğunu bildirmişdir. O, Azərbaycan hökumətinin ölkə iqtisadiyyatının digər sahələrinin də inkişafını məqsəd kimi qarşıya qoymasını yüksək qiymətləndirərək, bu sahədə Nova Skotiya əyalətinin təcrübəsini bölüşmək niyyətini vurğulamışdır.
Səfir F.Qurbanov S.Klarka Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun ağır nəticələri və problemin həlli istiqamətində aparılan danışıqlar prosesi barədə məlumat vermiş, “Xocalı soyqırımı: sənədlərdə, faktlarda və xarici mətbuatda” kitabını təqdim etmişdir.
Görüşdən sonra S.Klark səfir F.Qurbanovu parlamentin iclasına dəvət etmiş və onu qanunverici orqanın üzvlərinə təqdim etmişdir.
Digər görüşlərdə də ölkəmizdə həyata keçirilən islahatlar haqqında məlumat verilmiş, Azərbaycan-Kanada əlaqələrinin inkişafı, kanadalı iş adamlarının ölkəmizə sərmayə qoymaq imkanları müzakirə edilmişdir.