Azərbaycan ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edir ŞƏRH

Budapeşt, 21 may, AZƏRTAC
Avropa və türk dövlətlərinin artan iqtisadi əməkdaşlığı fonunda Azərbaycan ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq xüsusi əhəmiyyət kəsb edir.
Bu fikri Budapeştdə yerləşən Danube İnstitutunun tədqiqatçısı İbrahim Məmmədov AZƏRTAC-a müsahibəsində söyləyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Macarıstanın Baş naziri Viktor Orban arasında Budapeştdə ilk dəfə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündən əvvəl ikitərəfli görüş baş tutub. “Azərbaycanın Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzərində yerləşməsi ölkəni Mərkəzi Asiya ilə Avropa arasında ticarət üçün yeganə etibarlı və səmərəli tranzit dəhlizi halına gətirir. Macarıstan isə dünyada həm Avropa İttifaqının (Aİ) üzvü, həm də TDT-nin müşahidəçi dövləti olan yeganə ölkədir. Bu iki açar ölkə arasında əməkdaşlığın dərinləşməsi Avropa ilə Türk dünyası arasında iqtisadi əlaqələrin inkişafı baxımından həyati əhəmiyyət daşıyır”, – deyə İbrahim Məmmədov vurğulayıb.
O, əməkdaşlığın əhəmiyyətindən danışaraq əlavə edib ki, son 20 ildə Azərbaycan və Macarıstan ticarət, biznes, diplomatiya və digər sahələrdə əməkdaşlığı ardıcıl şəkildə gücləndirib: “Bu tərəfdaşlıq qarşılıqlı etimada əsaslanır. Prezident İlham Əliyevin 2014-cü ildə Macarıstana səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” bunun bariz nümunəsidir. Digər bir nümunə isə Macarıstanın Azərbaycanın ərazi bütövlüyünə dəyişməz dəstəyi, işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi üçün ayırdığı 10.000 avro maliyyə yardımı və Qarabağda yerləşən Soltanlı kəndinin bərpasında iştirakıdır. Macarıstanın Baş naziri Viktor Orbanın birinci idarəetmə dövründən başlayaraq və ikinci dövründə “Şərqə açılım” siyasətinin qəbul edilməsi ilə daha da sürətlənən proses nəticəsində Macarıstan, Avropa İttifaqı institutlarında da müşahidə olunduğu kimi, siyasi məsələlərin bir çoxunda Azərbaycanla birmənalı şəkildə həmrəy olub”.
Enerji sahəsində əməkdaşlıq məsələsinə toxunan İbrahim Məmmədov qeyd edib ki, Azərbaycan Macarıstan üçün etibarlı enerji tərəfdaşına çevrilib: “Bu, 2024-cü ildən başlanmış təbii qaz tədarükünü və gələcəkdə Qara dənizin dibindən keçəcək ən uzun sualtı enerji xətti ilə, sonradan Xəzər dənizindən çəkiləcək enerji bağlantısını əhatə edir. Macarıstanın MOL və MVM Group şirkətləri müvafiq olaraq Azəri-Çıraq-Günəşli (AÇG) yatağında 9,57 faiz və Şahdəniz qaz yatağında 5 faiz paya malikdir. Bu investisiyalar Azərbaycan ilə Macarıstanı Avropanın enerji təhlükəsizliyi baxımından əvəzolunmaz oyunçulara çevirir. Burada Azərbaycan əsas enerji istehsalçısı və tranzit ölkəsi kimi, Macarıstan isə inkişaf edən strateji enerji qovşağı kimi çıxış edir”.
Fikrini yekunlaşdıran İbrahim Məmmədov deyib: “Bu gün Macarıstan-Azərbaycan münasibətləri qarşılıqlı etimada və müxtəlif sahələrdə səmərəli əməkdaşlığa əsaslanır. Macar şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyəti bunun bariz göstəricisidir. Ən diqqətçəkən nümunələrdən biri isə “Richter Gedeon” əczaçılıq şirkətidir. Ötən il keçirilmiş biznes forumu zamanı bu şirkət Azərbaycanda 90 dərman növü istehsal etmək barədə müqavilə imzalayıb”.