İQTİSADİYYAT
Azərbaycan ilə Makedoniya arasındakı enerji sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir
Bakı, 16 sentyabr (AZƏRTAC). Sentyabrın 16-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ilə Bakıda səfərdə olan Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Baş nazirinin müavini Zoran Stavreski arasında görüş keçirilmişdir.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qonağı səmimi salamlayan Rövnəq Abdullayev Azərbaycanın qədim neft diyarı olduğunu, Bakı neftçilərinin dünya neft sənayesinin inkişafına əvəzsiz töhfələr verdiyini diqqətə çatdırmışdır. O, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni neft strategiyası çərçivəsində həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr üzrə qazanılmış nailiyyətlər, bu uğurlarda ARDNŞ-in rolu, şirkətin fəaliyyət istiqamətləri, ölkə daxilində və xaricdəki aktivləri haqqında qonağa ətraflı məlumat vermişdir.
Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını vurğulayan ARDNŞ-in prezidenti Avropanın enerji təhlükəsizliyində Ölkəmizin mühüm yer tutduğunu qeyd etmiş, bu istiqamətdə həyata keçirilən layihələr sırasında “Cənub Qaz Dəhlizi”nin əhəmiyyətini önə çəkmişdir.
R.Abdullayev Azərbaycan ilə Keçmiş Yuqoslaviya Respublikası Makedoniya arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulamış, belə görüşlərin ölkələr arasında münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd etmişdir.
Görüş üçün təşəkkürünü bildirən Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Baş nazirinin müavini Zoran Stavreski son illərdə Azərbaycanın yüksək templərlə sürətli inkişafından bir dost ölkə olaraq qürur duyduqlarını söyləmişdir. Qonaq bu inkişafda neft-qaz sənayesinin rolunu vurğulamış, ölkəmizin enerji sektorunun avanqardı olan ARDNŞ-in artıq bütün dünyada uğurla fəaliyyət göstərən və dinamik inkişaf edən bir şirkət, etibarlı tərəfdaş kimi tanındığını qeyd etmişdir. O, Makedoniyanın iqtisadi həyatı, sənaye sahələri haqqında məlumat vermiş, ölkələrarası əlaqələrin, xüsusilə də neft-qaz sektorunda əməkdaşlığın böyük önəm daşıdığını diqqətə çatdırmış, qarşılıqlı tərəfdaşlığa böyük töhfə verə biləcəyini vurğulamışdır.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.