SİYASƏT
Azərbaycan-İndoneziya münasibətlərinin inkişaf perspektivləri müzakirə edilmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyada keçirilən Demokratik Forum çərçivəsində indoneziyalı həmkarı Marti Nataleqava ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə iki ölkə arasında münasibətlər, xüsusilə enerji sahəsində və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Marti Nataleqava Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətini yüksək qiymətləndirərək, rəsmi Bakının təşəbbüsü ilə qurumda “BMT ilə İslam Əməkdaşlıq təşkilatı arasında tərəfdaşlığın gücləndirilməsi” mövzusunda keçirilmiş yüksək səviyyəli iclasın əhəmiyyətini vurğulamışdır.
E.Məmmədyarov indoneziyalı həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat vermiş, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə rəsmi Cakartaya təşəkkürünü bildirmişdir.
Marti Nataleqava Dağlıq Qarabağ münaqişəsinin həlli üçün BMT TŞ-nin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin vacibliyini qeyd edərək, ölkəsinin münaqişə ilə əlaqədar tutduğu prinsipial mövqeyini bir daha vurğulamışdır.
Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, Azərbaycanın və İndoneziyanın üzvü olduqları regional təşkilatlar arasında əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi barədə razılıq əldə edilmişdir.
Nazir E.Məmmədyarov Marti Nataleqavanı Azərbaycana səfərə dəvət etmişdir. M.Nataleqava dəvəti məmnuniyyətlə qəbul etmişdir.