AZƏRBAYCAN İŞĞALÇI ERMƏNİSTANA HEÇ BİR GÜZƏŞTƏ GETMƏYƏCƏKDİR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, general-polkovnik S.Əbiyev qonağı yeni təyinatı münasibətilə təbrik etmiş və demişdir: Biz inanırıq ki, siz Minsk qrupunun həmsədri olaraq Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi yolunda əlinizdən gələni əsirgəməyəcəksiniz.
Ermənistanın işğalçılıq siyasəti döyüş əməliyyatlarının yenidən başlanmasına ciddi təhlükə yaradır. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində böyük miqdarda silah və sursat yerləşdirmişdir, terrorçu qruplar hazırlayır və həmin ərazilərdən narkotrafik kimi istifadə edir.
Qəbul üçün müdafiə nazirinə təşəkkür edən S.Mənn Bakıya yeni vəzifədə gəlməyindən şərəf duyduğunu bildirmiş, beynəlxalq terrorizmlə mübarizədə ABŞ-ı fəal surətdə dəstəklədiyinə görə Azərbaycan dövlətinə təşəkkür etmişdir.
Diplomat demişdir ki, bir ildən sonra Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə Avropaya nəql edilməsini görəcəyik. Ancaq Dağlıq Qarabağ məsələsinin həlli çox mürəkkəb işdir. Onun həllini tapmaq üçün çox işləməliyik. Əgər bu münaqişə uzun müddət öz həllini tapmazsa, regionda vəziyyət ağır olaraq qalacaqdır. Münaqişənin güc vasitəsilə həllinə əsas yol kimi baxmaq olmaz. ABŞ dövlətinin mövqeyi münaqişənin danışıqlar yolu ilə həll edilməsidir. Bu gün qarşımızda yeni yolların tapılması məsələsi durur. Onun perspektivləri böyükdür və buna nikbinliklə yanaşmaq lazımdır. Məsələnin həllində tərəflər dialoq yolunu qanuniləşdirməlidir. Mən bu mənada perspektivləri araşdırmaq istəyirəm.
General-polkovnik S.Əbiyev S.Mənnin fikirlərinə münasibət bildirərək demişdir ki, biz Cənubi Qafqaz regionunda mövcud vəziyyəti birmənalı şəkildə analiz etməliyik. Ermənistan BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamənin və BMT Təhlükəsizlik Şurası sədrinin bəyanatının tələblərini, beynəlxalq təşkilatların rəyini qulaqardına vuraraq, işğal etdiyi Azərbaycan ərazilərini tərk etmir. Bizə təklif edirlər ki, iki dövlətin prezidentləri danışıqlar nəticəsində razılığa gəlsinlər. Danışıqlar ancaq Ermənistanın xeyrinədir. Bunu 10-15 il də davam etdirmək olar. Lakin nəticəsi görünmür. Belə münasibətlə sanki Azərbaycanı inadla müharibəyə hazırlaşmağa məcbur edirlər. Yuqoslaviyada, İraqda baş verən hadisələr normal beynəlxalq münasibətlərə uyğun olmadığından onlara qarşı qəti tədbirlər görüldü. Bəs nə üçün işğalçı Ermənistanla belə rəftar edilmir?
General-polkovnik S.Əbiyev 1 milyondan artıq qaçqının və köçkünün vəziyyətinin dözülməz olduğunu, onların öz torpaqlarına tezliklə qayıtmaq istədiklərini və nəticəsiz danışıqlar uzandıqca Azərbaycan xalqının beynəlxalq təşkilatlara inamının azaldığını S.Mənnin diqqətinə çatdırmış və demişdir: Biz inanırıq ki, siz Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesinə yeni hava, yeni nəfəs gətirəcəksiniz. Bu münaqişəni tezliklə həll etmək olar. Sadəcə, Ermənistanı olduğu kimi təcavüzkar dövlət elan edib ona sanksiyalar tətbiq etmək lazımdır. Bunun üçün hüquqi əsaslar vardır.
Səfir S.Mənn bildirmişdir ki, beynəlxalq ictimaiyyət Ermənistan- Azərbaycan münaqişəsinin danışıqlar vasitəsi ilə həll edilməsi yolunu tutmuşdur. ABŞ dövlətinin mövqeyi isə budur ki, tərəflər bir-birinə güzəştə getməlidir. Bu elə güzəştlər olmalıdır ki, hər iki dövləti qane etsin.
General-polkovnik S.Əbiyev cavab olaraq demişdir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Azərbaycan heç bir güzəştə getməyəcək. Azərbaycan xalqı məsələnin həllində ikili standartların mövcud olmasından da çox narahatdır. Bəzi dövlətlər tərəfindən Ermənistana olan dəstək bitməyincə, məsələnin həlli mümkün olmayacaq. Unutmaq lazım deyil ki, Ermənistan işğalçı dövlətdir.
Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş iştirak etmişdir.