Azərbaycan İstiqlal Muzeyində “Şəhid şəhər” sərgisinin açılışı olmuşdur
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Azərbaycan İstiqlal Muzeyində Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunmuş “Şəhid şəhər” sərgisinin açılışı olmuşdur.
AZƏRTAC xəbər verir ki, sərgidə muzeyin fonduna bu il daxil olmuş yeni eksponatlar - Xocalı şəhərinin müdafiəsində iştirak etmiş Azərbaycanın Milli qəhrəmanları Hikmət Nəzirli, Füzuli Rüstəmov və Tofiq Rüstəmovun şəxsi əşyaları, habelə Mehriban Şəmsəddinskayanın “Boş damarlar” triptixi, Nazim Məmmədovun həmin mövzuda tablolara eskizləri təqdim olunmuşdur.
Muzeyin direktoru Fəridə Şəmsi sərgini açaraq bildirmişdir ki, xalqımız bəşəriyyətin tarixində ən amansız cinayətlərdən biri olan Xocalı faciəsini heç vaxt unutmayacaqdır.
Baki Dövlət Universitetinin tarix fakültəsinin müəllimi Boran Əziz vurğulamışdır ki, Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirmək və həmin tədbirlərdə iştirak etmək hər bir azərbaycanlının borcudur. O demişdir: “Biz güclü xalqıq. Azərbaycanlılar bütün çətinlikləri dəf edərək müstəqil dövlət yaratmışlar”.
Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası kafedrasının professoru, tibb elmləri doktoru Mübariz Allahverdiyev bildirmişdir ki, Xocalı faciəsi Azərbaycanın tarixi torpaqlarını ələ keçirmək məqsədi güdən ermənilərin 200 illik təcavüzkarlıq siyasətinin nəticəsidir. O demişdir: “Mən misilsiz qəhrəmanlıq və şücaət göstərmiş şəhidlərin və Milli Qəhrəmanların xatirəsi qarşısında baş əyirəm. Torpaqlarımızı geri qaytarmaq üçün mümkün olan hər şeyi etməliyik. “Xocalıya ədalət!” kampaniyasının təşkilinə və keçirilməsinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya “Çox sağ olun!” deyirik.
Tədbirdə şəhidlərin və Milli Qəhrəmanların ailə üzvləri, məcburi köçkünlər, Gənc Turistlər və Diyarşünaslar Mərkəzinin nümayəndələri, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunlarının və Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti iştirak etmişdir.
Sərgidə Xocalı soyqırımına həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
Sərgi martın 1-dək davam edəcəkdir.