RƏSMİ XRONİKA
“AZƏRBAYCAN KURORTLARI” DÖVLƏT PROQRAMI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycanda qədim dövrlərdən müalicə-profilaktik məqsədlərlə təbiətin şəfaverici amilləri olan mədən sularından, müxtəlif növ neft və vulkanik palçıqlardan geniş istifadə edilmişdir. Ölkəmiz əsrlər boyu tarixi İpək Yolu vasitəsilə nadir dərman kimi ixrac edilən müalicəvi nefti ilə məşhur olmuşdur. XIX əsrdən etibarən Azərbaycanın müxtəlif guşələrində müalicə əhəmiyyətli təbii resursların elmi tədqiqinə başlanmışdır. Aparılan araşdırmaların nəticələri Azərbaycanı kurortlar diyarı adlandırmaq imkanı vermişdir.
Azərbaycanda kurortlar şəbəkəsinin mütəşəkkil təşkili XX əsrdən etibarən həyata keçirilmişdir. Əlverişli iqlim şəraiti, müxtəlif mineral sular, müalicəvi palçıq və neft ehtiyatlarından asılı olaraq, respublikamızın ayrı-ayrı iqlim zonalarında yerləşən zəngin müalicəvi əhəmiyyətə malik təbii kurortların təsnifatı müəyyənləşmiş və bununla bağlı müvafiq infrastruktur yaradılmışdır. 1936-cı ildə Kurortologiya və Fizioterapiya İnstitutunun təşkili ilə təbii kurortların elmi cəhətdən tədqiqində yeni mərhələ başlamışdır.
XX əsrin ikinci yarısında Azərbaycanda artıq formalaşmış kurortlar şəbəkəsi mövcud idi. Həmin dövrdə yaradılan sanatoriya, pansionat və istirahət evləri sistemi Azərbaycanın, demək olar ki, bütün ərazisini əhatə edirdi. Kurort-müalicə imkanları çox geniş olan Naxçıvan Muxtar Respublikası, Abşeron yarımadası, Gəncə-Hacıkənd-Göygöl, Şəki-Zaqatala, Şuşa-Turşsu, Quba-Xaçmaz-Nabran, Lənkəran-Astara və digər regionlarda müalicə və istirahətin təşkili üçün lazımi şərait yaradılmışdı.
Azərbaycan kurortlarının inkişafına 1970-ci ildən başlayaraq xüsusi diqqət yetirilmişdir. Məhz həmin ildə SSRİ hökumətinin qərarı ilə Abşeron yarımadası, Naftalan və İstisu kurortları ümumittifaq əhəmiyyətli kurortlar siyahısına daxil edilmişdir. 1980-ci illərdə isə hökumətin xüsusi qərarına əsasən, Azərbaycanın kurortlar şəbəkəsinin genişləndirilməsi, o cümlədən Xaçmaz-Nabran zonasında irimiqyaslı layihələrin gerçəkləşdirilməsi nəzərdə tutulsa da, cərəyan etməyə başlayan mürəkkəb siyasi proseslər bu planın həyata keçirilməsinə imkan verməmişdir.
1990-cı illərin iqtisadi və sosial böhranı kurort zonalarının inkişafına olduqca mənfi təsir göstərmişdir. Sanatoriya və istirahət evlərinin bir qismi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı birləşmələri tərəfindən işğal olunan ərazilərdə qalmış, bir qismi isə məcburi köçkün və qaçqınların yerləşdirilməsi üçün istifadə edilmişdir. Hazırda regionların inkişafı proqramı çərçivəsində ayrı-ayrı bölgələrdə kurortların dirçəldilməsi istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsinə baxmayaraq, aparılan işlərin səviyyəsi müasir tələblərə cavab vermir.
Azərbaycanın zəngin təbii müalicə ehtiyatlarının əhalinin sağlamlığının qorunmasında böyük əhəmiyyətini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Respublikasının Həmkarlar İttifaqları Konfederasiyasının təklifləri nəzərə alınmaqla “Azərbaycan kurortları” Dövlət Proqramının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
2. Bu Sərəncamın 1-ci bəndində qeyd olunan Proqram layihəsinin hazırlanması zamanı tabeçilik və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan kurortlarının inkişafına yerli sərmayə ilə yanaşı, xarici sərmayələrin cəlb olunması, həmçinin belə ərazilərdə Azərbaycan və xarici ölkə vətəndaşlarının müalicəsi və istirahəti üçün müasir standartlara cavab verən infrastrukturun formalaşdırılması məsələləri və 2007-2017-ci illərdə müalicə-istirahət ocaqlarının mərhələli inkişaf strategiyasının nəzərə alınması təmin edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 fevral 2007-ci il.