AZƏRBAYCAN KÜVEYT İLƏ ƏMƏKDAŞLIĞIN BÜTÜN SAHƏLƏR ÜZRƏ GENİŞLƏNMƏSİNƏ TƏRƏFDARDIR
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, qonaqları salamlayan nazir Elmar Məmmədyarov bu səfərin Küveyt ilə Azərbaycan arasında dostluq münasibətlərinin və dini işlər sahəsində əməkdaşlığın möhkəmlənməsi üçün faydalı olacağını və cari ilin sonunadək Küveytdə Azərbaycanın səfirliyinin açılmasının ikitərəfli əlaqələrin inkişafına təkan verəcəyini vurğulamışdır.
Doktor Abdullah Məətuq əl-Məətuq ölkəmizə səfərindən məqsədin dövlətlərimiz arasında müxtəlif sahələrdə və həmçinin dini işlər üzrə, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi ilə fikir mübadiləsi aparmaqdan ibarət olduğunu bildirmişdir.
Görüşdə nazir Elmar Məmmədyarov Küveyt ilə Azərbaycan arasında əməkdaşlığın bütün sahələrdə genişlənməsinin ölkələrimiz üçün əhəmiyyətini xüsusi qeyd etmişdir.
Nazir Elmar Məmmədyarov, həmçinin dünyada baş verən dəhşətli terror aktlarına toxunaraq, ölkəmizin Ermənistan tərəfindən 32 terror aktına məruz qaldığını diqqətə çatdırmışdır. Terrorizmin bəşəri fəlakət olduğunu diqqətə çatdıran nazir, terrorizmi bu və ya digər dinlə əlaqələndirməyin məqsədəuyğun sayılmadığını və terrora qarşı mübarizədə Azərbaycanın da beynəlxalq birliklə birgə səylər göstərməyə hazır olduğunu bildirmişdir.
Doktor Abdullah Məətuq əl-Məətuq səfəri ərəfəsində digər ölkələrdə müxtəlif dinlərin nümayəndələri ilə görüşündə dinlər arasında dialoqun, sülhün, insanlar arasında dostluğun yaradılması, terrorizmlə mübarizədə beynəlxalq birliyin səylərini əlaqələndirmək naminə müxtəlif konfransların təşkilinə nail olduğunu və daha belə bir konfransların yaxın vaxtlarda keçirilməsinin zəruriliyini vurğulamışdır.
Sonra nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz torpaqlarından didərgin düşmüş bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün ağır vəziyyəti barədə qonaqlara ətraflı məlumat vermişdir. Nazir Elmar Məmmədyarov Küveyt Dövlətinin azərbaycanlı qaçqınlara və məcburi köçkünlərə dəfələrlə humanitar yardım göstərdiyini minnətdarlıqla xatırlatmış, həmçinin Küveyt tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dəyişməz mövqedə qaldığını, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini beynəlxalq təşkilatlar və İslam Konfransı Təşkilatı çərçivəsində dəstəklədiyini xüsusi qeyd edərək, dost ölkənin rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur.