AZƏRBAYCAN-LİVİYA MÜŞTƏRƏK KOMİSSİYASININ İKİNCİ İCLASI KEÇİRİLMİŞDİR
Bakı, 10 mart (AZƏRTAC). Martın 7-dən 9-dək Liviyanın paytaxtı Tripolidə Azərbaycan Respublikası hökuməti və Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi hökuməti arasında Müştərək Komissiyanın ikinci iclası keçirilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda ölkəmizi komissiyaya Azərbaycan tərəfdən sədrlik edən xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.
Liviyanın nümayəndə heyətinə isə Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq məsələləri üzrə Ümumxalq Komitəsi katibinin Asiya məsələləri üzrə müavini Məhəmməd Ömər əl-Barrani rəhbərlik etmişdir.
M.əl-Barrani Liviya İnqilabının rəhbəri, Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin başçısı Müəmmər əl-Qəzzafinin Azərbaycan Prezidenti İlham Əliyevə xoş arzularını və səmimi salamlarını çatdırmışdır. M.əl-Barrani Liviya dövlətinin Azərbaycan ilə əməkdaşlığına xüsusi önəm verdiyini və bu əlaqələrin xüsusilə BMT, İKT və digər beynəlxalq təşkilatlar çərçivəsində möhkəmləndiyini qeyd etmişdir. Liviyanın bir çox istiqamətlərdə, xüsusilə iqtisadiyyat, ticarət, sərmayələrin təşviqi, energetika, sənaye, təhlükəsizlik, tikinti, kənd təsərrüfatı, təhsil, səhiyyə, idman, mədəniyyət və turizm sahələrində Azərbaycan ilə əməkdaşlığa hazır olduğunu bildirən M.əl-Barrani hər iki ölkənin bu əməkdaşlıqdan faydalanacağına əminliyini bildirmişdir.
Azərbaycan xarici işlər nazirinin müavini X.Xələfov Prezident İlham Əliyevin Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin başçısı Müəmmər əl-Qəzzafiyə və onun xalqına səmimi salamlarını çatdırmış, komissiyanın iclasının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirmişdir.
Nazir müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin haqlı mövqeyinin Liviya tərəfindən dəstəklənməsinin yüksək qiymətləndirildiyini vurğulamışdır.
X.Xələfov komissiyanın 2008-ci ilin noyabrında Bakıda təşkil olunmuş ilk iclasından sonra ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq sahəsində müəyyən addımların atıldığını, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirildiyini, habelə Liviyada fəaliyyət göstərməkdə maraqlı olan bir neçə Azərbaycan şirkətinin qeydiyyatdan keçdiyini bildirmişdir. Hər iki ölkənin ikitərəfli əməkdaşlıq potensialının mövcudluğunu qeyd edən nazir müavini komissiyanın hazırkı iclasının Azərbaycan ilə Liviya arasında əməkdaşlığın genişləndirilməsinə əhəmiyyətli töhfə verəcəyini bildirmişdir.
İclasın yekununda müzakirə olunmuş məsələləri və gələcək əməkdaşlıq istiqamətlərini əhatə edən Protokol imzalanmışdır. Bundan əlavə, həmsədrlər tərəfindən Azərbaycan Respublikası hökuməti və Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi hökuməti arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin Xarici Əlaqələr və Beynəlxalq Əməkdaşlıq məsələləri üzrə Ümumxalq Komitəsi arasında siyasi məsləhətləşmələr haqqında anlaşma memorandumları imzalanmışdır.
Müştərək Komissiyanın üçüncü iclasının 2011-ci ildə Bakıda keçirilməsi barədə razılıq əldə olunmuşdur.
X.Xələfov, həmçinin Liviyanın Baş naziri əl Bağdadi Əli əl Mahmudi ilə görüşmüşdür. Görüşdə ikitərəfli münasibətlər və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
Komissiyanın iclası çərçivəsində Azərbaycan-Liviya biznes forumu keçirilmişdir.