SİYASƏT
AZƏRBAYCAN-MACARISTAN BİZNES FORUMU KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 7-də Bakıda “Azadlıq” qonaq evində İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Macarıstan biznes forumu keçirilmişdir.
Tədbirdə Macarıstan tərəfdən tikinti, əczaçılıq, informasiya texnologiyaları, maliyyə və s. sahələri təmsil edən müəssisələrdən 10-dan çox iş adamı, Azərbaycan tərəfdən isə müvafiq sahələrdə fəaliyyət göstərən 30-dan artıq sahibkar iştirak etmişdir.
İqtisadi inkişaf naziri Heydər Babayev son illər respublikada qazanılmış nailiyyətlər barədə məlumat vermişdir. Bildirmişdir ki, inkişaf sürətinə görə dünya ölkələri arasında birincilər sırasına çıxmış Azərbaycanda ümumi daxili məhsulun artımı 2007-ci ildə 25 faiz, cari ilin birinci rübündə 14 faizə yaxın olmuşdur.
Nazir 1995-ci ildən 2007-ci ilədək Azərbaycan iqtisadiyyatına 42 milyard ABŞ dolları, o cümlədən təkcə ötən il 8 milyard dollar məbləğində sərmayə yatırıldığını qeyd etmişdir. Bu investisiyaların 70 faizinin xarici sərmayə olduğunu diqqətə çatdıran H.Babayev, yaxın iki ildə valyuta ehtiyatlarının üç dəfə artacağını vurğulamışdır. O, adambaşına düşən investisiyanın məbləğinə görə, Azərbaycanın keçmiş SSRİ məkanında ilk yerlərdən birini tutduğunu da söyləmişdir.
Son illər açılmış 650 mindən çox yeni iş yeri işsizliyi minimuma endirmiş, yoxsulluğun səviyyəsi xeyli azalmışdır.
Nazir Heydər Babayev Azərbaycan-Macarıstan iqtisadi-ticarət əlaqələrindən danışmış, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu bildirmişdir.
Biznes forumunun işgüzar münasibətlərin inkişafına töhfə verəcəyini, ölkələrimiz arasında ticarət dövriyyəsinin artacağına əminliyini diqqətə çatdıran Macarıstanın Baş naziri Ferents Dyurçan, ölkəsinin Azərbaycan ilə əczaçılıq, maliyyə, tikinti, kommunikasiya və digər sahələrdə əməkdaşlıq etməyə hazır olduğunu söyləmişdir.
Sonra Macarıstan Ticarət və İnvestisiya Agentliyinin icraçı direktoru Gyorq Retfalvi ölkəsinin iqtisadiyyatı ilə bağlı məlumat vermiş, AZPROMO-nun investisiyaların təşviqi üzrə direktoru Anar Quliyev Azərbaycanda biznes imkanları üçün perspektivlər barədə danışmışdır.
Tədbirdə Azərbaycan Beynəlxalq Bankı və Macarıstan İxrac-İdxal Bankı arasında əməkdaşlıq memorandumu imzalanmışdır.
Forumun rəsmi hissəsindən sonra Azərbaycan və Macarıstan iş adamlarının ikitərəfli görüşləri keçirilmişdir.
######