Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada uğur qazanıblar
Bakı, 1 iyun, AZƏRTAC
Rusiyanın paytaxtı Moskvada 23 ölkənin məktəblilərinin iştirakı ilə Avropa Fizika Olimpiadası ( EuPHO) keçirilib. Azərbaycan bu olimpiadaya 4 şagird və 2 komanda rəhbəri olmaqla 6 nəfərlik heyət ilə qatılıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Avropa Fizika Olimpiadasında şagirdlərimiz növbəti uğura imza atıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Mehdi Ağacanov olimpiadanın gümüş, Akademik Zərifə Əliyeva adına Liseyin eksperimental pilot siniflərinin 11-ci sinif şagirdi Məhəmmədcan Məhəmmədcanov isə bürünc medala layiq görülüb.
Təhsil Nazirliyinin beynəlxalq olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlaması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olub. Nazirlik tərəfindən fizika, riyaziyyat və informatika təmayüllü, kimya-biologiya təmayüllü liseylərdə yaradılmış beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində şagirdlər olimpiadalara hazırlıq prosesinə cəlb edilirlər.