AZƏRBAYCAN MELANJDAN AZAD OLUNMUŞ ÖLKƏDİR
AZƏRTAC xəbər verir ki, iyunun 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında NATO və Azərbaycan Respublikası arasında həyata keçirilən Melanj layihəsinin başa çatması ilə əlaqədar tədbir keçirilmişdir. AMEA-nın prezidenti, akademik Mahmud Kərimov Azərbaycan-NATO əlaqələrindən danışmış, ölkəmiz ilə alyans arasında əməkdaşlığın daha da genişləndiyini bildirmişdir. O demişdir ki, Azərbaycanın NATO-nun proqramlarında fəal iştirakı, xüsusi layihələr çərçivəsində birgə əməkdaşlığımız öz töhfəsini verir. AMEA, NATO və alyans Təchizat və Təminat İdarəsinin (NAMSA) birgə reallaşdırdığı Melanj layihəsi nəticəsində respublikamızın bir çox rayonlarında, xüsusən də Ələt və Mingəçevir yaşayış massivləri yaxınlığında əhalinin təhlükəsizliyinin müdafiəsi istiqamətində əsaslı addımlar atılmış, Azərbaycan melanjdan azad olunmuşdur. Layihə çərçivəsində Mingəçevir yaxınlığında quraşdırılmış mini zavodun köməyi ilə Azərbaycanda 1200 tondan çox toksiki tullantı zərərsizləşdirilmişdir. Eyni zamanda, Azərbaycan alimləri toksiki tullantıların zərərsizləşdirilməsi üzrə zəngin təcrübə qazanmışlar.
Mərasimdə çıxış edən NATO baş katibinin ictimai diplomatiya məsələləri üzrə müavini Jan Fransua Buro melanj layihəsinin reallaşdırılmasına göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlıq etmiş, Müdafiə Nazirliyinin və AMEA-nın bu layihədə yaxından iştirak etdiyini vurğulamışdır. O demişdir ki, Azərbaycanda həyata keçirilən layihə digər ölkələr üçün də nümunədir. Bu gün Ukrayna və Özbəkistan da belə bir layihənin reallaşdırılmasına maraq göstərirlər. Jan Fransua Buro Azərbaycanın NATO ilə əməkdaşlığını da yüksək qiymətləndirmiş və alyansın Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin müdafiəsinə həmişə hazır olduğunu bildirmişdir.
NAMSA-nın təmsilçisi Bülənt Tudeş, Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri Kamil Xasiyev Azərbaycan ilə Şimali Atlantika bloku arasında əməkdaşlıqdan, əldə olunan nailiyyətlərdən danışmış, layihənin əhəmiyyətini vurğulamışlar.
Sonda Melanj layihəsindən bəhs edən videosüjet nümayiş etdirilmişdir.
######
