Azərbaycan memarlıq tarixində ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur
Bakı, 29 aprel (AZƏRTAC). Aprelin 29-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Azərbaycan memarlıq tarixində Heydər Əliyev dövrü” mövzusunda elmi-nəzəri konfrans təşkil olunmuşdur.
AZƏRTAC xəbər verir ki, konfransı açan universitetin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşadığını vurğulamış və məhz dahi şəxsiyyətin respublikaya rəhbərlik etdiyi dövrlərdə Azərbaycan dövlətçiliyinin, elmin, mədəniyyətin və iqtisadiyyatın bütün sahələrində inkişafın əsasının qoyulduğunu bildirmişdir.
Rektor Ulu Öndərin memarlıq və inşaat sahəsində göstərdiyi misilsiz xidmətlərdən bəhs etmiş, onun ölkəmizə rəhbərlik etdiyi illəri intibah dövrü kimi dəyərləndirmişdir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin yaradılması və inkişafı, eləcə də inşaat sektorunda yüksək səviyyəli kadrların yetişdirilməsi də Ulu Öndərin qayğı və diqqəti sayəsində mümkün olmuşdur.
Qeyd olunmuşdur ki, universitetdə ulu öndər Heydər Əliyevin Azərbaycan memarlığı və inşaatı sahəsindəki çoxşaxəli fəaliyyətini əks etdirən Elmi-Tədqiqat Muzeyi yaradılmışdır ki, burada da əsas məqsəd bu qurucu və yaradıcı insanın müstəqil respublikamızın tərəqqisi, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü nəhəng işləri gənc nəslə daha dolğun çatdırmaq və həmin istiqamətdə araşdırmaları davam etdirməkdir.
G.Məmmədova vurğulamışdır ki, bu gün respublikamızda gedən irimiqyaslı tikinti-quruculuq işləri, müasir infrastruktur layihələri Avropanın heç bir ölkəsində aparılmır. Bütün bunlar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasətinin bariz göstəricisidir.
Konfransda, həmçinin “Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası haqqında”, “XX əsrdə şəhərsalmanın inkişafı” və digər mövzularda məruzələr dinlənilmişdir.