AZƏRBAYCAN MƏTBUATI BU GÜN ÜZƏRİNƏ DÜŞƏN VƏZİFƏLƏRİN ÖHDƏSİNDƏN LAYİQİNCƏ GƏLİR
AZƏRTAC xəbər verir ki, bu fikir Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun Milli Mətbuat günü ilə əlaqədar iyulun 21-də partiyanın mərkəzi qərargahında respublikamızın aparıcı KİV-lərinin nümayəndələri ilə görüşündə səslənmişdir.
Jurnalistləri peşə bayramı münasibətilə təbrik edərək onlara yaradıcılıq uğurları arzulayan Ə.Əhmədov Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi istiqamətində görülən işlərdən, qarşıda duran vəzifələrdən danışmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafına daim diqqət və qayğı göstərdiyini vurğulayan YAP sədrinin müavini demişdir ki, həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Partiyanın cəmiyyətlə media arasında sağlam münasibətlərin formalaşmasında maraqlı olduğunu və bu istiqamətdə səyləri davam etdirdiyini qeyd edən icra katibi mətbuatın qarşısında duran əsas vəzifənin ictimaiyyəti ehtiyac duyduğu informasiya ilə təmin etməkdən ibarət olduğunu bildirmişdir. Əli Əhmədov müasir Azərbaycan KİV-lərinin bu vəzifənin öhdəsindən layiqincə gəldiyini vurğulamışdır.
Azərbaycan mətbuatını bölgənin ən güclü və inkişaf etmiş KİV-ləri adlandıran Əli Əhmədov bu sahədə problemlərin də mövcud olduğunu qeyd etmişdir. Onun qənaətincə, meydana çıxan çətinliklərin kökündə, ilk növbədə, Azərbaycanda mövcud olan söz və mətbuat azadlığından bəhrələnərək sayı ilbəil artan mətbuat vasitələrinin çoxluğu dayanır. Bundan başqa, mətbuatın siyasiləşməsi və hər hansı partiyanı təmsil edən qəzetin cəmiyyəti obyektiv informasiya ilə təmin etmək iddiasında olması da mətbuatın inkişafına mənfi təsir göstərir. İcra katibi bildirmişdir ki, həmin qəzetlər bu iddiadan əl çəkməli, mənsub olduqları partiyanın baxışlarının daşıyıcısı olduqlarını etiraf etməlidirlər.
Ölkədə cəmiyyətin tərəqqisinə, vətəndaşlara xidmət edən, sağlam mənəvi, əxlaqi dəyərlər əsasında inkişaf edən KİV-lərin formalaşmasının Azərbaycan dövlətinin əsas məqsədi olduğunu nəzərə çarpdıran sədr müavini, Vətənə, dövlətçiliyə sədaqətlə xidməti hər bir mətbu orqanın, hər bir vətəndaşın əsas vəzifəsi hesab etdiyini bildirmişdir.
YAP-ın mətbuatla münasibətlərə həmişə xüsusi önəm verdiyini vurğulayan Əli Əhmədov Azərbaycanın maraqlı siyasi hadisələr ərəfəsində olduğunu qeyd etmiş, ölkə üçün həddindən artıq böyük əhəmiyyət daşıyan prezident seçkilərində jurnalistləri obyektiv mövqe nümayiş etdirməyə çağırmışdır. Əmin olduğunu bildirmişdir ki, YAP ilə mətbuat arasında formalaşmış səmərəli əməkdaşlıq münasibətləri bundan sonra da davam edəcək və hər iki tərəf üçün faydalı olacaqdır.
Sonra cəmiyyətdə gedən ictimai-siyasi prosesləri obyektiv və peşəkarlıqla işıqlandırdığına görə kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsi, o cümlədən Azərbaycan Dövlət Teleqraf Agentliyinin - AZƏRTAC-ın əməkdaşı Yeni Azərbaycan Partiyasının mükafatına layiq görülmüşdür.
Görüşdə YAP icra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov və Mübariz Qurbanlı iştirak etmişlər.
######
