AZƏRBAYCAN MİFOLOGİYASININ, FOLKLORUNUN VƏ ƏDƏBİYYATININ GÖRKƏMLİ TƏDQİQATÇISI
İnstitutun direktoru, filologiya elmləri doktoru, professor Hüseyn İsmayılov yubilyarın həyat və yaradıcılığından danışmışdır. Bildirmişdir ki, ötən əsrin 60-cı illərinin Azərbaycan bədii nəsrində, istərsə də tənqidi ədəbiyyatında həyata və tədqiqat obyektinə münasibətdə yeni düşüncə tərzinin rüşeymləri görünməyə başladı. Həmin yenilikçi alimlərimizdən biri də Mirəli Seyidov olmuşdur. Onun Azərbaycan mifologiyasına, folkloruna aid tədqiqatları bu gün də öz əhəmiyyətini itirməmişdir. Elmi fəaliyyətinin böyük bir hissəsini AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu ilə bağlayan ədəbiyyatşünas alim xarici ölkələrdə keçirilən elmi konfrans və simpoziumlarda Azərbaycan elmini ləyaqətlə təmsil etmiş, elmi kadrların hazırlanmasına xüsusi qayğı və diqqətlə yanaşmışdır.
Konfransda filologiya elmləri doktorları, professorlar İsmayıl Vəliyev “Azərbaycan mifologiya elmi və Mirəli Seyidov”, İsrafil Abbaslı “Mirəli Seyidovun Azərbaycan folklorşünaslığının inkişafında xidmətləri, yeri və rolu”, institutun dissertantı Emin Ağayev “Mirəli Seyidovun mifologiyaya dair tədqiqatları” mövzularında məruzə etmişlər.
İstər məruzələrdə, istərsə də filologiya elmləri namizədləri, Aşıq yaradıcılığı şöbəsinin müdiri Elxan Məmmədlinin, institutun əməkdaşı Əli Kərimbəylinin və başqalarının çıxışlarında M.Seyidovun yaradıcılığının müxtəlif istiqamətlərindən, onun xeyirxahlığından ətraflı bəhs olunmuşdur.
Axırda Emin Seyidov atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə ailələri adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.