AZƏRBAYCAN MİKROMALİYYƏLƏŞDİRMƏ BANKI ÖZÜNÜN BEŞİNCİ FİLİALINI AÇMIŞDIR
Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “20 yanvar” metro stansiyasının və avtovağzalın yaxınlığında yerləşən filialın fəaliyyətə başlaması münasibətilə keçirilən mərasimdə AMMB-nin təsisçiləri – Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Almaniya hökumətinin inkişaf agentliyi olan KfVV İnkişaf Bankı və LFS maliyyə sistemləri, həmçinin beynəlxalq və biznes ictimaiyyətinin təmsilçiləri iştirak edirdilər.
Azərbaycan Mikromaliyyələşdirmə Bankı idarə heyətinin sədri Tomas Engelhardt, Milli Bankın şöbə rəisi İlkin Orucov, filialın müdiri Aqneşka Lemançik çıxış edərək dedilər ki, respublikamızın maliyyə-kredit bazarında özünəlayiq yer tutan bu bank hazırda 2 mindən çox fiziki və hüquqi şəxsə xidmət edir. Respublikamızda onun beş filialı vardır. Bu maliyyə-kredit qurumu Azərbaycanın regionlarında da fəaliyyətini genişləndirmək strategiyasını həyata keçirmək niyyətindədir. Son illər ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar investisiya fəallığını artırmaq üçün əlverişli şərait yaratmışdır. İndi iqtisadiyyatın bütün sahələrində bu fəallıq müşahidə olunmaqdadır.
Ölkə iqtisadiyyatının inkişafında bank bölməsinin rolunu yüksək qiymətləndirən natiqlər qeyd etdilər ki, müştərilərə təklif olunan xidmətlərin keyfiyyəti getdikcə yaxşılaşır.
Filialın açılışını bildirən lent kəsildikdən sonra burada mətbuat konfransı oldu. Azərbaycan Mikromaliyyələşdirmə Bankı idarə heyətinin sədri Tomas Engelhardt və bu maliyyə-kredit təşkilatının təsisçiləri jurnalistlərin bankın gələcək fəaliyyəti ilə bağlı suallarına cavab verdilər.