AZƏRBAYCAN MİLLİ KİTABXANASINDA MİKAYIL MÜŞFİQİN ÜÇCİLDLİYİ TƏQDİM OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, iyunun 13-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında XX əsr Azərbaycan romantik poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar şairin seçilmiş əsərlərinin 3 cildliyinin təqdimat mərasimi keçirilmişdir.
Tədbirdən əvvəl müşfiqsevərlər Mikayıl Müşfiqin həyat və yaradıcılığına həsr olunmuş sərgiyə baxmışlar. Sərgidə yubilyarın əsərləri ilə yanaşı onun haqqında yazılmış kitablar, qəzet və jurnal materialları da nümayiş etdirilir.
Mədəniyyət və Turizm Nazirliyi aparatının rəhbəri Firudin Qurbanov Mikayıl Müşfiqin 100 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı çərçivəsində qurumun həyata keçirdiyi silsilə tədbirlər barədə məlumat vermişdir. Nazirliyin maliyyə dəstəyi ilə şairin seçilmiş əsərlərinin üçcildliyinin nəşrini Mikayıl Müşfiqin yubileyinə layiqli töhfə kimi dəyərləndirən natiq vurğulamışdır ki, iyunun 20-də şairin doğulduğu Xızı rayonundakı ev-muzeyinin əsaslı təmirdən sonra açılış mərasimi dövlət səviyyəsində qeyd ediləcəkdir.
Milli kitabxananın direktoru Kərim Tahirov, xalq şairi Zəlimxan Yaqub və başqaları təqdimat mərasimində XX əsr Azərbaycan poeziyasının inkişafında, yeniləşməsində Mikayıl Müşfiqin əvəzsiz xidmətlərindən danışmışlar. Bildirilmişdir ki, cəmi 29 il ömür sürməsinə baxmayaraq, o, özündən sonrakı nəslə örnək olacaq zəngin ədəbi irs qoyub getmişdir. Şairin nəğməli misraları bu gün də müğənnilərimizin dilindən düşmür.
Üçcildliyin tərtibçisi və redaktoru xalq yazıçısı, Mikayıl Müşfiqin ardıcıl tədqiqatçısı Gülhüseyn Hüseynoğlu cildlərə yazdığı ön sözdə şairin yaradıcılığıdan özünəməxsus tərzdə - mənsur şeir dilində ətraflı bəhs edir. Bildirir ki, onun şeirlərinin təsir gücü çox böyükdür. Müşfiqin şeirləri onları söyləyənin də, dinləyənin də ruhunu yüksəldir, zövqünü oxşayır, düşüncələrinə qol-qanad verir. Şairin şeirlərinin mövzu dairəsi də çox genişdir. Azadlıq, sevib-sevilmək, vətənpərvərlik, maarif, məktəb, müəllim kimi mövzular onu daim düşündürən mövzulardan olmuşdur.
Tədbirdə xalq artistləri İlham Əhmədov və Laləzar Mustafayeva şairin şeirlərindən nümunələr söyləmişlər.
Leyla Axundzadə şairin xatirəsinə göstərilən diqqət və ehtirama görə ailələri adından dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirmiş, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür etmişdir.