Azərbaycan millisinə legioner cüdoçu cəlb olunub
Bakı, 6 noyabr, AZƏRTAC
Beynəlxalq Cüdo Federasiyası (IJF) Acelya Toprakın 3 noyabr 2023 ildən etibarən Azərbaycan bayrağı altında çıxış etməsinə rəsmi razılıq verib.
Azərbaycan Cüdo Federasiyasından (ACF) AZƏRTAC-a verilən məlumata görə, 25 yaşlı idmançı qadınlardan ibarət milli yığmanın tərkibində 57 kiloqram çəki dərəcəsində mübarizə aparacaq.
Hazırda dünya reytinqində 27-ci yerdə gedən cüdoçu 2022-ci ildə keçirilmiş “Pert Açıq Okeaniya” turnirinin gümüş medalçısıdır. O, həmçinin 2017-ci ildə gənclər arasında Avropa çempionatında gümüş medal qazanıb.
Azərbaycan millisinə cəlb olunması ilə bağlı təəssüratlarını bölüşən A. Toprak dünyanın ən uğurlu cüdo komandalarından birinə qoşulduğu üçün həyəcanlı və sevincli olduğunu bildirib: “Şadam ki, uğurlu transferdən sonra 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına namizədliyimi Azərbaycan millisinin tərkibində davam etdirə biləcəyəm. Həyatım olimpiya səyahətinə həsr olunub və inanıram ki, bu inanılmaz dəstəkləyici mühitdə böyük nailiyyətlər əldə edə biləcəyəm. Buradakı qonaqpərvərlik çox yaxşıdır və mən Azərbaycanın qüruru üçün mübarizə aparacağam”.
O, Azərbaycanı Paris Olimpiadasında həm fərdi, həm də komanda yarışlarında təmsil etməyi səbirsizliklə gözlədiyini vurğulayıb: “Həmçinin, Azərbaycan cüdosunun qadın siması kimi fəaliyyət göstərməkdən və ACF-in məqsədinə çatmasına kömək etməkdən məmnunam. Son olaraq, Bakıda məni səmimi qarşıladıqları üçün federasiya rəhbərliyinə, məşqçilərə və idmançılara təşəkkür edirəm".
Federasiyadan bildirilib ki, idmançının transferində əsas məqsəd komanda daxili rəqabəti artırmaqla yanaşı, güclü məşq partnyoru hesabına perspektivli gənc və yeniyetmə idmançıların inkişafına dəstək olmaqdır.