ŞƏRH
Azərbaycan-Misir münasibətləri gələcəkdə də yüksələn dinamika ilə inkişaf edəcək - RƏY
Bakı, 10 iyun, AZƏRTAC
Azərbaycan-Misir münasibətləri tarixi keçmişə əsaslanır. Ölkəmiz Misirlə istər İslam əməkdaşlığı çərçivəsində, istərsə də Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və bütövlükdə beynəlxalq platformalarda sıx işbirliyinə malikdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib.
Misir-Azərbaycan əlaqələrinin təməlinin 1990-cı illərin əvvəllərində qoyulduğunu bildirən C.Məmmədov rəsmi Qahirənin ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu qeyd edib. Belə ki, 1994-cü ildə Ulu Öndər Heydər Əliyev Misirə səfər edərək orada bir çox mühüm görüşlər keçirib və həmin səfər zamanı hər iki ölkə üçün önəmli sənədlər imzalanıb. Sonrakı dövrlərdə yüksək səviyyəli qarşılıqlı səfərlər həyata keçirilib. 2007-ci ildə Prezident İlham Əliyevin Misirə səfəri olduqca mühüm xarakter daşıyırdı. Eyni zamanda, ötən il Misir Prezidenti Azərbaycana səfər etmişdi.
“Azərbaycan Prezidentinin Misirə səfəri onu göstərir ki, ölkələrimiz arasında münasibətlər gələcəkdə də yüksələn dinamika ilə inkişaf edəcək, bu isə ikitərəfli əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək. Misir bütün platformalarda Azərbaycanın mövqeyini dəstəkləyir. Ölkələrimiz arasında bir çox sahələrdə sıx əməkdaşlıq əlaqələri var. İkitərəfli əlaqələrin dərinləşdirilməsi bizə daha da güclü olmağa, daha da inkişaf etməyə imkan yaradacaq”, - deyə C.Məmmədov vurğulayıb.
Deputat bildirib ki, səfər zamanı keçirilən görüşlərdə toxunulan məsələlərdən biri də İsrail-Fələstin münasibətləri oldu. Dövlətimizin başçısı Azərbaycanı Fələstin məsələsində günahlandırmaq istəyənlərə çox dəqiq və konkret cavab verdi, Fələstində baş verənlərin dayandırılmasının vacibliyini vurğuladı.
“Prezident İlham Əliyevin Misirə səfəri həm də Azərbaycanın ərəb dünyası ilə əlaqələrinin yüksək səviyyədə olduğunu göstərdi. Bu səfərdən sonra iki ölkə arasında əlaqələr daha da güclənəcək”, - deyə C. Məmmədov vurğulayıb.