MƏDƏNİYYƏT
Azərbaycan nümayəndə heyəti BMT-nin Cenevrə bölməsində Novruz bayramı münasibətilə keçirilmiş tədbirdə iştirak etmişdir
Bakı, 28 mart (AZƏRTAC). Mart 27-28 -də BMT-nin Cenevrə bölməsində Novruz bayramı münasibətilə “Beynəlxalq Novruz Günü” mövzusunda tədbir keçirilmişdir.
Azərbaycan tədbirdə geniş sərgi və mədəni proqramla çıxış edən aparıcı ölkə qismində müəyyən olunmuşdur.
Bu beynəlxalq tədbirlərdə Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Sevda Məmmədəliyeva açılış tədbirindəki çıxışında 3 min ildən çox tarixə malik olan Novruz bayramının Qafqazda, Balkanlarda, Mərkəzi Asiyada, Qara dəniz hövzəsində, Yaxın Şərqdə 300 milyondan çox insan tərəfindən hər bir xalqın öz milli adət-ənənələrinə uyğun olaraq qeyd edildiyini vurğulamışdır.
Diqqətə çatdırmışdır ki, BMT Baş Məclisinin qərarı ilə 2010-cu ildən başlayaraq 21 mart hər il Beynəlxalq Novruz Günü kimi qeyd olunur. 2009-cu ildə isə Novruz UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilmişdir.
Tədbir çərçivəsində UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilmiş, dünyanın şah əsəri, Azərbaycanın qədim musiqi sənətinin zəngin nümunəsi olan muğam ifa edilmiş və Azərbaycan Dövlət İncəsənət Muzeyində qorunub saxlanan bəzi nümunələr nümayiş olunmuşdur.