AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN AVSTRİYADA SƏMƏRƏLİ İŞGÜZAR GÖRÜŞLƏRİ OLMUŞDUR
BMT-nin Sənaye İnkişaf Təşkilatının (SİT) baş direktoru Karlos Maqarinyos ilə iqtisadi inkişaf naziri Fərhad Əliyevin aprelin 29-da keçirilmiş görüşündə Azərbaycanla SİT arasında əməkdaşlıq məsələləri, o cümlədən respublikamızda bu qurumun dəstəyi ilə sənaye şəhərciyinin yaradılmasının birinci və sonrakı mərhələlərinə dair məsələlər müzakirə edilmişdir. Nazir SİT-in baş direktorunu ölkəmizə dəvət etmişdir. Dəvət məmnuniyyətlə qəbul edilmişdir.
Azərbaycanın nümayəndə heyəti aprelin 30-da Lints şəhərinə işgüzar səfər etmişdir. Burada Avstriyanın İqtisadiyyat Palatasının təşkilatçılığı və ölkənin işgüzar dairələri nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir. Dəyirmi masada ölkələrimizin iqtisadi əlaqələrinin perspektivləri müzakirə olunmuşdur. Lintsdə nazir Fərhad Əliyev Avstriya İqtisadiyyat Palatasının sədri Kristof Laytl və Avstriyanın Ali İqtisadi Palatasının vitse-prezidenti Ulrike Rabmer-Koller ilə görüşlər keçirmişdir. Bu görüşlərdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın üstün istiqamətləri müzakirə edilmiş, cari ildə Avstriya şirkətlərinin nümayəndələrindən ibarət xüsusi qrupun Azərbaycana səfəri barədə razılıq əldə edilmişdir. Nazir F.Əliyev hər iki müsahibini Azərbaycana dəvət etmişdir.
Həmin gün F.Əliyev avstriyalı həmkarı M.Bartenştayn ilə görüşmüşdür. Söhbət zamanı tərəflər Avstriyanın Avropa İttifaqının üzvü olduğunu və Azərbaycanın regionda artan rolunu nəzərə alaraq, ölkələrimiz arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək imkanları barədə fikir mübadiləsi aparmışlar.
Səfərin sonuncu günü Azərbaycanın iqtisadi inkişaf nazirinin Avstriya kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşü olmuşdur. Tədbirdə nazir F.Əliyev Azərbaycanda baş verən müsbət sosial-iqtisadi dəyişikliklərdən danışmış, jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.
Görüşlərdə Azərbaycanın Avstriyadakı səfiri Vaqif Sadıqov iştirak etmişdir.