AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN İRANA SƏFƏRİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İran Prezidentinin müşaviri, Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Mehdi Mostafavinin dəvəti ilə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri başa çatmışdır.
Nümayəndə heyətinin üzvləri Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində olmuş, ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoymuşlar.
Səfər çərçivəsində İran xarici işlər nazirinin birinci müavini Şeyx Əttar, Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Mehdi Mostafavi, mədəniyyət nazirinin incəsənət üzrə müavini Hüseyn İmani və digər rəsmi şəxslərlə görüşlər keçirilmişdir.
Görüşlərdə İran rəsmiləri xalqlarımız arasında dərin köklərə malik mədəni əlaqələrdən və bu sahədə əməkdaşlığın perspektivlərindən bəhs etmişlər.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına və xalqımızın mədəni irsinin qorunmasına, eləcə də müxtəlif ölkələrlə mədəni əlaqələrin qurulmasına verdiyi əhəmiyyətdən danışan Ə.Vəliyev bildirmişdir ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Qədim mədəniyyətə malik Azərbaycan və İran arasında əlaqələrin daha sürətlə inkişaf etdirilməsi üçün geniş imkanlar var və bundan səmərəli istifadə olunması məqsədəuyğundur.
Görüşlərdə birgə kitab və turizm sərgilərinin, qarşılıqlı mədəniyyət günlərinin təşkilinə, kino həftəsinin keçirilməsinə, muzeylər arasında təcrübə mübadiləsinin qurulmasına, İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunun fəaliyyəti çərçivəsində əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılmışdır. 2009-cu ilin aprelində Azərbaycanın İranda, iyun ayında isə İranın Azərbaycanda mədəniyyət günlərinin keçirilməsi ilə bağlı məsələlərin müzakirəsini sürətləndirməyin vacibliyi vurğulanmışdır.
Xudafərin körpüsünün dünya mədəni irsinə daxil edilməsi, mədəni əlaqələrin genişləndirilməsi üçün birgə komissiyanın yaradılması, Xəzəryanı ölkələrin mədəniyyət nazirlərinin Bakıda toplantısının təşkili, beynəlxalq təşkilatlarda əməkdaşlıq, aşıq sənətinin inkişaf etdirilməsi və digər məsələlər barədə də müzakirələr aparılmışdır.
Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov görüşlərdə iştirak etmişdir.