AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN İRANA SƏFƏRİ BAŞLANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İran prezidentinin müşaviri, Mədəniyyət və İslam Əlaqələri Təşkilatının sədri Mehdi Mostafavinin dəvəti ilə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyətinin İrana səfəri başlanmışdır.
Səfər nümayəndə heyətimizin M.Mostafavi ilə görüşlə başlanmışdır. İran rəsmisi xalqlarımız arasında dərin köklərə malik mədəni əlaqələrdən və bu sahədə əməkdaşlığın inkişaf perispektivlərindən bəhs etmişdir.
Ümummilli lider Heydər Əliyevin mədəniyyətimizin inkşafına və mədəni irsin qorunmasına göstərdiyi diqqət və qayğıdan danışan Ə.Vəliyev bildirmişdir ki, iki ölkə arasında mədəni əlaqələrin daha sürətlə inkişaf etdiriməsi üçün imkanlardan daha səmərəli istifadə oluna bilər.
Tərəflər birgə kitab və turizm sərgilərinin təşkil edilməsinə, Azərbaycan və İranda qarşılıqlı mədəniyyət günlərinin, kino həftəsinin keçirilməsinə, muzeylər arasında təcrübə mübadiləsinə, İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunun fəaliyyət dairəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair geniş fikir mübadiləsi aparmışlar. 2009-cu ilin aprelində İranda, Azərbaycan, 2009-cu ilin iyun ayında isə Azərbaycanda İran mədəniyyəti günlərinin keçirilməsi ilə bağlı məsələlərin müzakirəsinin sürətləndirilməsinin vacibliyi vurğulanmışdır.
Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov görüşdə iştirak etmişdir.
İyulun 27-dək davam edəcək səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Təbriz, Məşhəd və Ərdəbil şəhərlərində də olacaqdır.