AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN ÜZVÜ ŞUŞA İLƏ BAĞLI SƏNƏD HAZIRLAMIŞDIR
Sənəddə deyilir: “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 20 faiz ərazisində ən kütləvi şəkildə ziyan çəkmiş sahələrdən biri mədəni irsdir. Avropa Şurasında bu barədə dəfələrlə məsələ qaldırılsa və müvafiq sənədlər hazırlansa da, təəssüf ki, nəzərəçarpacaq müsbət nəticələr yoxdur. Son dövrdə Azərbaycanın işğal altındakı Şuşa şəhərindəki tarix və mədəniyyət abidələrinin sistemli şəkildə məhv edilməsi daha ciddi narahatlıq doğurur və bütövlükdə tarixi abidə olan bu şəhərin xilas edilməsindən ötrü ən ciddi tədbirlərin görülməsini zəruriləşdirir.
Azərbaycanın mədəni paytaxtlarından sayılan, “Qafqazın konservatoriyası” adlandırılan Şuşa şəhəri abidələrlə zənginliyinə görə Azərbaycan hökumətinin qərarı ilə qoruq-şəhər statusu almışdır. Bu şəhərdəki tarixi və mədəniyyət abidələrinin xeyli hissəsi Azərbaycan və dünya əhəmiyyətli abidələrin reyestrinə daxil edilmişdir. Şuşa abidələrinin bir çoxu indi dağıdılmış və dağıdılmaqdadır. Tarixi, mədəniyyət abidələr sökülərək yerində restoranlar və digər kommersiya obyektləri inşa edilir. XIX əsrin görkəmli Azərbaycan şairi Xurşudbanu Natəvanın gözəl mədəni və tarixi abidə olan evi yandırılıb, Şərq memarlığının incilərindən və Şuşanın rəmzlərindən sayılan Gövhər ağa məscidi məhv edilib. XIX əsrin böyük musiqişünası və rəssamı Mir Möhsün Nəvvabın divar rəssamlığının nadir nümunələrini əks etdirən mülki dağıdılıb. Azərbaycanın böyük musiqiçilərinin əksəriyyəti Şuşadan çıxmışdır və onların həmin şəhərdəki mənzil muzeyləri qəsb edilmiş, qiymətli memarlıq nümunəsi olan evləri xarabazara çevrilmişdir. Xüsusi intensivliklə aparılan dağıdıcı fəaliyyət nəticəsində Şuşanın real tarixi və mədəni siması birdəfəlik itirilmək, yox olmaq ərəfəsindədir. Yerlə yeksan edilmiş qəbiristanlıqlardan tutmuş görkəmli Azərbaycan klassiklərinə ucaldılmış heykəllərin uçurulmasına qədər irimiqyasları əhatə edən vandalizm və dağıdıcılıq xətti bütün bunların işğalçı tərəfindən düşünülmüş siyasi xətt olaraq sistemli şəkildə, Şuşanı bir tarixi Azərbaycan şəhəri kimi yaddaşlardan silmək niyyəti ilə həyata keçirildiyini sübut edir. Abidə şəhər olan Şuşa isə yalnız Azərbaycanın deyil, bütöv Avropanın sərvətidir”.
AŞPA-nın Əsasnaməsinə görə, ən səmərəli sənəd formalarından olan “Yazılı sual” kimi hazırlanmış müraciətin sonunda R.Hüseynov Nazirlər Komitəsinə sual edir: “Qoruq şəhər olan Şuşanın mədəni, tarixi və arxeoloji abidələrinin kütləvi şəkildə məhv edilməsini dayandırmaq, qəbiristanlıqların və dini tikililərin dağıdılmasının qarşısını almaq, dünyanın nadir memarlıq mədəniyyətinə malik bir şəhərin tarixi simasını dəyişərək kommersiya maraqlarına yönəltməyə son qoymaq üçün tərəfinizdən hansı konkret əməli və təxirəsalınmaz tədbirlərin görülməsi mümkündür?”
Parlament Assambleyasının sənədləşdirmə ofisi tərəfindən qəbul edilmiş sənəd yayılmaq üçün nəşr olunacaq və müzakirələrdən ötrü Nazirlər Komitəsinə göndəriləcəkdir. AŞPA Nazirlər Komitəsinin görüləcək tədbirlərlə bağlı müvafiq cavabı hazır olduqdan sonra sənəd həmin cavabla birlikdə bir daha yenidən nəşr ediləcəkdir.