AZƏRBAYCAN NÜMAYƏNDƏLƏRİ KİŞİNYOVDAN QAYITMIŞLAR
Moldovanın paytaxtı Kişinyov şəhərində ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondunun tərəfdaş təşkilatlarının konfransında ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyasının və Milli elm Fondunun prezidenti, akademik Mahmud Kərimovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, tədbirdə Moldova və Azərbaycan alimləri ilə yanaşı, Rusiyanın və Gürcüstanın da nümayəndələri iştirak etmişlər.
Konfransda ABŞ tərəfindən bu ölkələrə ayrılacaq qrantlar, onların həcmi və təyinatı məsələləri müzakirə olunmuşdur. Akademik M.Kərimov “Azərbaycan Milli Elm Fondunun fəaliyyəti” barədə məruzə etmişdirs
Nümayəndə heyətimizin üzvlərinin ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondunun təmsilçiləri ilə görüşlərində 2003-cü ilin iyun ayında başlanması nəzərdə tutulan Azərbaycan-ABŞ ikitərəfli elmi-qrant proqramları, onların aspektləri və formaları nəzərdən keçirilmişdir. Məlum olmuşdur ki, Azərbaycana elmi və texniki yardım proqramı çərçivəsində ABŞ Dövlət Departamenti tərəfindən 500 min dollar vəsait ayrılmışdır. Layihələri Azərbaycan Milli Elm Fondu, ABŞ Mülki Tədqiqatlar və İnkişaf Fondu, eyni zamanda hər iki ölkənin müvafiq ekspertləri seçəcəklər.
İyun ayının ortalarında ölkəmizdə ABŞ mütəxəssislərinin iştirakı ilə seminar keçirilməsi nəzərdə tutulmuşdur. Həmin seminarda alimlərimiz layihələri hazırlayıb təqdim etməyi, tərəfdaş tapmağı öyrənəcəklər.