Azərbaycan nümayəndəsi Beynəlxalq Telekommunikasiya İttifaqının komissiya sədrinin müavini seçilib
Bakı, 31 oktyabr, AZƏRTAC
İsveçrənin Cenevrə şəhərində keçirilən “Radiorabitə Assambleyası-2015”də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Sahibə Həsənova Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) peyk xidmətləri üzrə 4-cü Tədqiqat Komissiyasının sədr müavini seçilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, assambleyanın keçirilməsində məqsəd BTİ-nin radiorabitə üzrə Tədqiqat Komissiyalarının keçən dövr ərzində gördükləri iş üzrə hesabatlarının dinlənilməsi, tədqiqat komissiyaları tərəfindən radiorabitə sahəsində araşdırmaların aparılması üçün yeni tapşırıqların verilməsi, eyni zamanda, növbəti dövr üçün rəhbər vəzifələrə seçkilərin təşkil olunması olub.
Hazırda Radiorabitə Assambleyasının qərarına əsasən altı Tədqiqat Komissiyası fəaliyyət göstərir. Bu komissiyalara tezliklərdən istifadənin idarə edilməsi, radiodalğaların yayılması, peyk xidmətləri, yerüstü xidmətlər, yayım xidmətləri və elmi xidmətlər aiddir. Sahibə Həsənovanın sədr müavini kimi fəaliyyət göstərəcək Tədqiqat Komissiyası peyk xidmətləri üzrə texniki və prosedur qaydaları üzrə araşdırmaları həyata keçirəcək.