Azərbaycan Özbəkistanda istehsal olunan yaşıl enerjinin Avropaya ötürülməsi üçün əlverişli tranzit ölkədir
Bakı, 23 avqust, AZƏRTAC
Son illərdə Azərbaycan ilə Özbəkistan arasında münasibətlər siyasi və iqtisadi əməkdaşlıqdan daha geniş strateji tərəfdaşlıq mərhələsinə keçib. Bu tərəfdaşlığın mühüm istiqamətlərindən biri enerji sektorudur. Xüsusilə bərpaolunan enerjinin istehsalı, elektrik enerjisi sistemlərinin inteqrasiyası və yaşıl enerjinin Avropa bazarlarına tranziti iki ölkənin əməkdaşlığında yeni perspektivlər açır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Özbəkistanın yaşıl enerji layihələri üzrə mütəxəssisi Furkat Kurbonov deyib.
O bildirib ki, Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, Özbəkistanın illik tələbatından 30 dəfə çox – 2091 milyard kilovat/saat elektrik enerjisi istehsal etmək potensialı var: “Özbəkistanın iqlimi ildə 320 Günəşli günün olması ilə səciyyələnir ki, bu da böyük həcmdə alternativ enerji istehsalına imkan yaradır. Ölkənin Surxandərya, Buxara və Kaşkadərya vilayətləri coğrafi baxımdan elə bir iqlim qurşağında yerləşir ki, bu regionlarda ümumilikdə 2058 milyard kilovat/saat Günəş enerjisi hasil etmək olar. BMT-nin yaşıl enerjinin inkişafına dair hazırladığı hesabatda vurğulanır ki, Özbəkistanın şimal-qərb və cənub-qərb əraziləri 9,9 milyard kilovat/saat külək enerjisi istehsal etmək iqtidarındadır. Son 5 il ərzində Özbəkistan Prezidenti yaşıl enerjinin inkişaf etdirilməsi üçün 15 sərəncam imzalayıb. Hökumət yaşıl enerji potensialını düzgün qiymətləndirərək müxtəlif xarici şirkətlərlə 20-dən çox müqavilə imzalayıb. Bütün bunlar Özbəkistana enerji istehsalını artıraraq ixrac etməyə imkan yaradıb”.
Mütəxəssis nəzərə çatdırıb ki, Azərbaycanın coğrafi mövqeyi onu Mərkəzi Asiyada istehsal olunan yaşıl enerjinin Qafqaz və Avropa istiqamətində ötürülməsi üçün əlverişli tranzit ölkəyə çevirir: “Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə əməkdaşlığın ən mühüm layihələrindən biri Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizidir. Üç ölkənin enerji sistemlərinin əlaqələndirilməsi məqsədilə 2024-cü ildə razılıq əldə edilib. 2025-ci ildə hər üç ölkə Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur və İnvestisiya Bankı ilə birlikdə Xəzər Yaşıl Enerji Dəhlizinin texniki-iqtisadi əsaslandırılmasına dəstək haqqında memorandum imzalayıb. Cari ilin əvvəlində layihənin birinci mərhələsi üzrə texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb və Bakıda bu istiqamətdə ilkin seminar keçirilib. Layihənin əsas məqsədi Mərkəzi Asiyada istehsal olunan bərpaolunan elektrik enerjisinin Xəzər dənizi üzərindən Azərbaycana, daha sonra isə Qara dəniz vasitəsilə Avropaya çatdırılmasıdır. Azərbaycanın bu əməkdaşlıqda əsas üstünlüklərindən biri onun coğrafi mövqeyidir. Özbəkistan Mərkəzi Asiyanın daxilində yerləşdiyi halda, Azərbaycan Xəzər dənizinin qərb sahilində yerləşərək Mərkəzi Asiya ilə Cənubi Qafqaz və Avropa arasında enerji körpüsü rolunu oynayır. Azərbaycan və Özbəkistan arasında alternativ enerji sahəsində əməkdaşlıq iki ölkənin enerji siyasətində yeni mərhələ yarada bilər. Özbəkistanın Günəş və külək enerjisi potensialı ilə Azərbaycanın Xəzər və Cənubi Qafqaz üzərindən Avropaya çıxış imkanlarının birləşdirilməsi gələcəkdə mühüm regional enerji platformasının formalaşmasına səbəb ola bilər”, – deyə o vurğulayıb.