AZƏRBAYCAN PARALİMPİYA KOMANDASINA ALTI SUMQAYITLI İDMANÇI DAXİLDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, avqustun 23-də Sumqayıt İcra Hakimiyyətində Pekində keçiriləcək XIII Paralimpiya oyunlarında ölkəmizin idman şərəfini qoruyacaq sumqayıtlı idmançılarla görüş keçirilmişdir. Görüşdə paralimpiyaçıların məşqçiləri, Milli Paralimpiya Komitəsinin və şəhərin idman ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Azərbaycan milli komandasının bayrağı altında 18 paralimpiyaçı arasında 6 sumqayıtlı idmançı - cüdoçular İlkin Alışov (66 kiloqram), Ramin Əliyev (73 kiloqram), Tofiq Məmmədov (90 kiloqram), Kərim Sərdarov (100 kiloqram) və Afina Paralimpiya oyunlarının çempionu İlham Zəkiyev (100 kiloqramdan çox), habelə pauerliftinqçi Elşən Hüseynov yarışacaqlar.
Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyev idmançıları salamlayaraq dedi ki, artıq 16 gündür bütün dünya Olimpiya həyəcanı yaşayır. Olimpiya oyunlarında iştirak etmək hər bir peşəkar idmançının arzusudur. Komandamızın tərkibi ilbəil genişlənir və medalların sayı isə artmaqdadır. Fəxr edirik ki, Pekin Olimpiadasında Olimpiya medalını qazanan idmançılarımız arasında sumqayıtlı boksçu Şahin İmranov da vardır.
Sonra V.Əliyev respublikada Paralimpiya hərəkatının inkişafından söhbət açaraq dedi ki, ümummilli lider Heydər Əliyevin 1996-cı il tarixli Sərəncamı bu hərəkata güclü təkan vermişdir. Bu, fiziki imkanları məhdud olan insanlara təkcə idmanla məşğul olmaq deyil, həm də yüksək nəticələr nümayiş etdirmək imkanı verir. Sumqayıt paralimpiyaçılarının nailiyyətlərini nəzərə alan dövlətimizin başçısı İlham Əliyevin göstərişi ilə şəhərdə nadir Paralimpiya Mərkəzi inşa olunmuş, idmanla məşğul olmaq və əlillərin asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılmışdır. Əlamətdar haldır ki, mərkəz XIII Paralimpiya oyunları ərəfəsində açılacaqdır.
Görüşdə çıxış edən Milli Paralimpiya Komitəsinin baş katibi, əməkdar bədən tərbiyəsi və idman xadimi Afiq Süleymanov, respublikanın əməkdar məşqçisi Əhməd Rəcəbli və başqaları respublikada idmanın inkişafına, eləcə də hər bir idmançıya göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Sonda paralimpiyaçılara pul mükafatları təqdim edildi.
######
