AZƏRBAYCAN PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ QAZAXISTANDA RƏSMİ SƏFƏRDƏDİR
Dekabrın 5-də Qazaxıstan parlamentinin aşağı palatası - Məclis sədrinin müavini Sergey Dyaçenko Azərbaycan nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dərinləşdirilməsi, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinə qoşulması, Azərbaycan diasporunun vəziyyəti, onlara yaradılmış şərait və bir sıra digər məsələlər müzakirə olunmuşdur.
Sergey Dyaçenko bildirmişdir ki, Məclisin sədri Ural Muxamedcanov Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovu Astanaya səfərə dəvət edir. Sonra o dəvət məktubunu Fərhad Qəribova təqdim etmişdir.
Görüşdə Azərbaycanın Qazaxıstandakı səfiri Lətif Qəndilov iştirak etmişdir.
X X X
Həmin gün Azərbaycanın parlament nümayəndə heyəti Məclisin xarici əlaqələr komitəsinin sədri Serik Abdurraxmanovun iştirakı ilə bir qrup deputatla görüşmüşdür.
Görüşdə Qazaxıstanla Azərbaycan arasında ikitərəfli əlaqələrin perspektivləri, həmçinin parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə edilmişdir.
Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişafında müsbət irəliləyişlərin olduğunu qeyd edən Serik Abdurraxmanov bildirmişdir ki, bu münasibətlər iqtisadiyyatla məhdudlaşmamalı, xalqlarımız arasında min illərdən bəri mövcud olan mədəni əlaqələri bərpa və inkişaf etdirməliyik.
Fərhad Qəribovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətlə bağlı sualına Serik Abdurraxmanov “Qazaxıstan parlamentinin deputatları və qazax xalqı münaqişənin dinc yolla, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır” cavabını vermişdir.
Azərbaycan parlamenti nümayəndə heyətinin Qazaxıstana səfəri davam edir.