İDMAN
Azərbaycan pilotu “V1 Challenge Bulgaria 2015” çempionatının üçüncü mərhələsinin qalibi olub
Bakı, 31 avqust, AZƏRTAC
Avqustun 30-da Bolqarıstanın Vinisa kvartalındakı “Varna” kartinq pistində “V1 Challenge Bulgaria 2015” çempionatının üçüncü mərhələsi keçirilib.
Azərbaycan Avtomobil Federasiyasından AZƏRTAC-a bildiriblər ki, ölkəmizi yarışda təmsil edən Gülhüseyn Abdullayev birinci yeri tutub. İkinci və üçüncü yerlərdə isə bolqarıstanlı Simeon Donov və Qriqor Qriqorov qərarlaşıblar.
Çempionatda Azərbaycan Avtomobil Federasiyasının, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə iştirak edən Gülhüseyn Abdullayev sıralama turunda da birinci olub.
Bu il iyunun 28-də “Tvardisa-Elena” rallisində qəzaya uğrayaraq həlak olmuş bolqarıstanlı pilot Todor Slavovun xatirəsinə həsr edilən yarış “Çempion ölmədi, əfsanə oldu” şüarı altında keçirilib.