AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “BP AZƏRBAYCAN” ŞİRKƏTİNİN PREZİDENTİ DEVİD VUDVORDU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-də Prezident sarayında “BP Azərbaycan” şirkətinin prezidenti Devid Vudvordu qəbul etmişdir.
Devid Vudvord Azərbaycanın neft və qaz sənayesinin uğurla inkişaf etdiyini bildirdi. O, Səngəçal terminalında olduğunu və “Şahdəniz” layihəsinin icrası ilə bağlı görülən işlərin hazırkı vəziyyəti ilə maraqlandığını qeyd edərək, layihənin müvəffəqiyyətlə və vaxtında həyata keçirildiyini vurğuladı. Devid Vudvord yaxın zamanlarda “Şahdəniz” yatağından qaz ixracına başlanacağına əminliyini ifadə etdi.
Dövlətimizin başçısı “Şahdəniz” layihəsinin Azərbaycan və ümumilikdə region üçün böyük əhəmiyyət daşıdığını qeyd etdi. Layihənin uğurla həyata keçirilməsinin vacibliyini vurğulayan Prezident İlham Əliyev ölkəmizin yaxın gələcəkdə mühüm qaz hasilatçısı və ixracçısına çevriləcəyinə əmin olduğunu bildirdi.