AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV “ƏZHƏRİ ŞƏRİF” UNİVERSİTETİNİN REKTORU İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 6-da Qahirədə məşhur “Əzhəri Şərif” Universitetinin inzibati binasında universitetin rektoru Şeyx Məhəmməd Tantavi ilə görüşmüşdür.
Şeyx Məhəmməd Tantavi Prezident İlham Əliyevi və onu müşayiət edən nümayəndə heyətini böyük hörmət və ehtiramla salamladı. Misir və Azərbaycanın əlaqələrinin tarixi kökləri olduğunu xatırladan rektor Azərbaycan Prezidentinin rəsmi səfərini yüksək qiymətləndirdi, bu səfərin elm, təhsil sahələrində də qarşılıqlı əməkdaşlığın inkişafına təkan verəcəyini söylədi.
Rektor bildirdi ki, hazırda universitetdə digər müsəlman ölkələrinin tələbələri ilə yanaşı, 76 azərbaycanlı gənc də təhsil alır. X əsrdə Əl-Əzhər məscidi nəzdində yaradılmış universitet sonralar fəaliyyətini genişləndirərək, elmi-dini mərkəzə çevrilmişdir. Hazırda onun nəzdində müxtəlif institutlar, akademiya, zəngin elmi kitabxana, xəstəxana, məscid, xeyriyyə idarələri və sair fəaliyyət göstərir. 1961-ci ildə universitetin strukturunda dəyişiklik edilmiş, ali elmi şura və islamşünaslıq akademiyası yaradılmışdır. Universitetdə müsəlman hüququ, ilahiyyat, ərəb dili, tibb və digər fakültələr vardır. Müsəlman dünyasının məşhur alimlərinin bir çoxu ali təhsillərini bu universitetdə almışlar. Əl-Əzhər hökumət tərəfindən maliyyələşdirilir, eyni zamanda, həm Misir, həm də digər müsəlman ölkələrinin şirkətləri ona vəsait ayırır.
Görüşün sonunda Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyəsi təqdim olundu.