AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV UKRAYNANIN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Prezident sarayında Ukraynanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Stepan Volkovetskinin etimadnaməsini qəbul etmişdir.
Stepan Volkovetski Prezident sarayında fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Səfir öz etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə səmimi söhbət etdi. Stepan Volkovetski Ukrayna Prezidentinin səmimi salamlarını və Azərbaycanla əlaqələri daha da möhkəmləndirmək barədə arzularını Prezident İlham Əliyevə çatdırdı. O, ümummilli lider Heydər Əliyevin Ukrayna və Azərbaycan xalqları arasında münasibətlərin möhkəmlənməsinə verdiyi əvəzsiz töhfələrin öz ölkəsində böyük ehtiramla xatırlandığını vurğuladı.
Dövlətimizin başçısı İlham Əliyev səfirə uğurlar arzuladı, Azərbaycan və Ukrayna arasında ənənəvi dostluq əlaqələrinin tarixin bütün mərhələlərində yaxşı səviyyədə olduğunu bildirdi. Prezident İlham Əliyev xüsusi qeyd etdi ki, müstəqillik qazandıqdan sonra ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq hər bir sahədə inkişaf etməkdədir. Bu əlaqələrin möhkəm təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Əminəm ki, siz səfirlik müddətində bu münasibətlərin daha da genişlənməsinə çalışacaqsınız.
Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna dövlət başçısının salamlarına görə təşəkkür etdi və özünün də səmimi salamlarını Prezident Viktor Yuşşenkoya çatdırmağı səfirdən xahiş etdi.