AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI
Hörmətli qonaqlar,
Xanımlar və cənablar,
Mən əlahəzrət İordaniya Kralını Azərbaycanda bir daha salamlamaq istəyirəm. Bu, İordaniya dövləti başçısının ölkəmizə etdiyi ilk rəsmi səfərdir və ölkələrimiz arasındakı münasibətlərdə mühüm mərhələdir. Bizim bütün sahələrdə çox gözəl əlaqələrimiz, yaxşı qarşılıqlı anlaşmamız var. Biz bir-birimizi beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləyirik. Siyasi dialoq olduqca yüksək səviyyədədir. Buna görə də, əla münasibətləri bütün sahələrdə genişləndirmək əzmindəyik.
Dünən və bu gün regional təhlükəsizlik və sabitlik, Orta Şərqdə və öz regionumuzdakı vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Fələstin-İsrail münaqişəsi kimi məsələlər ətrafında çox geniş fikir mübadiləsi apardıq. Bütün müzakirələr zamanı biz gördük ki, yanaşmamız oxşardır, üst-üstə düşür və bu oxşarlıq mövqelərimizi daha da yaxınlaşdırır.
Gələcək illər ərzində aparacağımız əməkdaşlığın aspektlərindən biri iqtisadi və ticari sahələr olacaqdır. Bu günə qədər ticarət dövriyyəsi çox olmamışdır. Hesab edirəm ki, bu səfər və bundan sonra ölkələrimizin hökumət rəsmilərinin və iş adamlarının qarşılıqlı səfərləri sayəsində biz bu sahədə gözəçarpan nailiyyətləri əldə edəcəyik.
İkitərəfli münasibətlərin inkişafından xəbər verən bir fakt da var. Biz bu yaxınlarda İordaniyada tam fəaliyyət göstərən səfirliyimizi açmışıq. Ümid edirəm ki, səfirlik əməkdaşlığın yeni yollarının müəyyən edilməsində mühüm rol oynayacaqdır. Bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var. Əvvəldə qeyd etdiyim kimi bunun üçün bizim çox yaxşı əsaslarımız var. Ölkələrimiz arasındakı əla siyasi münasibətlər, İordaniya Kralı, qardaşımla şəxsi dostluq münasibətləri iki qardaş ölkə arasında olduqca güclü əlaqələrin inkişafı üçün lazımi əsas yaradır.
Əlahəzrət, sizi və rəhbərlik etdiyiniz bütün nümayəndə heyətini Azərbaycanda bir daha salamlamaq istəyirəm. Sizə işlərinizdə uğurlar arzulayıram. Ümid edirəm və əminəm ki, bu səfər gələcəkdə birgə həyata keçirəcəyimiz işlər üçün yeni imkanlar açacaqdır.