AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NYU-YORKUN KOLUMBİYA UNİVERSİTETİNDƏ GÖRÜŞÜ
Dünyanın tanınmış dövlət başçılarının – ABŞ Prezidenti Corc Buşun, Rusiya Prezidenti Vladimir Putinin, görkəmli ictimai-siyasi xadimlərin qonağı olduqları bu məşhur elm və təhsil ocağında Azərbaycan Prezidenti böyük hörmət və ehtiramla qarşılandı. 250 illik tarixi olan, bir çox elm sahələrinə dair, eləcə də ictimai və sosial araşdırmaların, siyasi diskussiyaların mərkəzinə çevrilən bu universitetdə, ənənəvi olaraq dünya liderlərinin forumu çərçivəsində, beynəlxalq aləmdə yaxşı tanınan dövlət rəhbərləri, ictimai-siyasi xadimlərlə görüşlər keçirilir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyev ilə görüş də iştirakçılarda zəngin təəssürat yaratdı.
Dövlətimizin başçısı çıxışında Azərbaycan barədə, ölkəmizin nailiyyətləri və problemləri haqqında konkret məsələlərdən, Ermənistanın Azərbaycana təcavüzündən və bunun nəticəsində torpaqlarımızın 20 faizinin işğal edilməsindən danışdı, həmin ərazilərin narkotik vasitələrin yetişdirildiyi, terrorçu dəstələrin hazırlandığı məskənə çevrilməsinin bölgədə sülh və tərəqqi üçün daimi təhlükə olduğunu bildirdi. Prezident İlham Əliyev təcavüzkarın tezliklə cilovlanması, Azərbaycanın bu ərazisində suveren hüquqlarının təmin olunması zərurətini vurğuladı. Respublikamızın rəhbəri dedi ki, bu münaqişənin həllində Azərbaycanın ədalətli mövqeyi nüfuzlu regional və beynəlxalq təşkilatların əksərinin sənədlərində öz əksini tapmışdır. Azərbaycan problemin sülh yolu ilə həllinə üstünlük verir. Bununla belə, öz torpaqlarını nəyin bahasına olursa-olsun, işğaldan azad etməkdə israrlıdır.
Prezident İlham Əliyev Azərbaycanın dünyada sülhyaratma prosesində, beynəlxalq terrorizmə qarşı mübarizədə fəal iştirak etdiyini xatırlatdı və bildirdi ki, ölkəmiz demokratiya, tərəqqi yolu ilə inamla irəliləyir.
Sonra Azərbaycan Prezidenti görüş iştirakçılarının suallarına cavab verdi.