AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ŞƏKİ-ZAQATALA BÖLGƏSİNƏ SƏFƏRİ
AZƏRTAC xəbər verir ki, respublikamızın Şəki-Zaqatala bölgəsinə səfərə çıxan Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də səhər Balakən rayonuna gəlmişdir. Burada dövlətimizin başçısını və xanımını böyük hörmətlə, gül-çiçəklə qarşıladılar.
Həmin gün Balakən rayon mərkəzi xəstəxanasının təməlinin qoyulmasına həsr olunmuş mərasim keçirildi. Buraya toplaşan minlərlə sakin Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə salamladılar. Mərasim iştirakçılarının əllərində dövlətimizin başçısını salamlayan şüarlar, ulu öndərin və Prezident İlham Əliyevin portretləri və Azərbaycanın dövlət bayraqları var idi.
Prezident İlham Əliyevə xəstəxana barədə ətraflı məlumat verildi. Bildirildi ki, 235 çarpayılıq xəstəxana kompleksi Azərbaycan Dövlət Neft Şirkətinin vəsaiti ilə tikiləcək və iki ilə tam istifadəyə veriləcəkdir. Burada poliklinika, terapiya, nevrologiya, cərrahiyyə, reanimasiya otaqları, doğum, uşaq xəstəlikləri şöbələri və s. fəaliyyət göstərəcəkdir. Əsas korpus dördmərtəbəli olacaqdır. Ayrılmış 13 milyon ABŞ dolları həcmində vəsaitin 10 milyon dolları tikinti-quraşdırma işlərinə, 3 milyon dolları isə avadanlığa sərf ediləcəkdir. Xəstəxananın daimi enerji və istilik təminatı olacaqdır. Tikinti işlərini “Rabitə-İnşaat” Açıq Səhmdar Cəmiyyəti yerinə yetirəcəkdir. Tikintidə 300 nəfər, əsasən, yerli inşaatçılar işləyəcəklər.
Burada istirahət zonası da yaradılacaqdır. Ətrafda yerləşən köhnə xəstəxana binasının yerində isə Olimpiya İdman Kompleksi tikiləcəkdir. Yaxınlıqdakı avtovağzal binası da müasir standartlara uyğun tam yenidən qurulacaqdır.
Prezident İlham Əliyev xəstəxananın layihəsi ilə tanış oldu və sonra binanın təməlinə ilk beton qarışığını tökdü.