Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

- Bütövlükdə, burada səslənən bütün rəqəmlər bir daha onu göstərir ki, 2007-ci ildə bizim iqtisadiyyatımız çox sürətlə inkişaf edib və şübhəsiz, 2008-ci ildə bu müsbət dinamika davam etdiriləcəkdir.

2008-ci ildə nəzərdə tutulmuş vəzifələrə keçməzdən əvvəl, mən kəskinləşən hava şəraiti ilə bağlı, yaranmış vəziyyətlə bağlı məlumatları dinləmək istəyirəm. Mən bu günlərdə həm Bakı Şəhər İcra Hakimiyyətinə, həm də Nəqliyyat Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə göstərişlər vermişəm ki, yaranmış qeyri-adi vəziyyətlə bağlı tədbirlərini gücləndirsinlər. Çünki Bakı şəhəri üçün və bütövlükdə, ölkəmiz üçün çox qeyri-adi bir vəziyyətdir. Uzun müddətdir ki, heç vaxt bu qədər qar yağmamışdı və əlbəttə, bu, əlavə problemlər yaradır.

Enerji və qaz təchizatında böyük problemlər yoxdur, yəni bu sahədə işlər tənzimlənir, ancaq yol hərəkəti əlbəttə ki, çox çətinləşibdir. Yolları, səkiləri, avtomobil yollarını buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib, insanlar müxtəlif zədələr alırlar. Tibb məntəqələrinə müraciət edənlərin sayı artır. Bir daha demək istəyirəm ki, Bakı kimi cənub şəhəri üçün bu, çox qeyri-adi bir vəziyyətdir. Yaxşı ki, biz keçən il yeni texnikanın alınmasına kifayət qədər vəsait ayırmışıq. 25 milyon manat vəsait ayrılmış və texnika alınmışdır. Amma indi bu texnikanın mövcudluğu, ondan istifadə, əslində vəziyyəti nə dərəcədə yüngülləşdirir, nə dərəcədə bizə imkan verir ki, tezliklə bu vəziyyətə son qoyaq və yol hərəkəti sistemini tənzimləyək. Bu barədə sonuncu məlumatı eşitmək istəyirəm.

HACIBALA ABUTALIBOV (Bakı Şəhər İcra Hakimiyyətinin başçısı): Möhtərəm Prezident, Sizin hər gün bizə verdiyiniz göstəriş əsasında, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal İstismar İdarəsində olan bütün yeni texnika, Nəqliyyat Nazirliyinin bütün texnikası, habelə Fövqəladə Hallar Nazirliyinin işçiləri, demək olar ki, gecə saat 10-dan səhər saat 6-ya kimi şəhərdə işləyir. Əlimizdən gələni edirik ki, şəhərdə nəqliyyatın hərəkəti çətinləşməsin. Mərkəzi küçələrin hamısında şəhər nəqliyyatı işləyir. Ara küçələrdə vəziyyət, demək olar ki, normallaşmaq üzrədir. Amma hələlik normaya uyğun deyildir. Ona görə də biz bu gecə də, dünən gecə də səfərbərliyi tamamilə yüksək səviyyəyə qaldırmışıq, buzlaşmanın qarşısını alırıq, səkilərin təmizlənməsi üçün işlər gedir. Alınmış yeni 37 texnika - qumsəpən maşınlarımız gündəlik işləyir və əlimizdən gələni edəcəyik ki, Sizin göstərişləriniz ən yüksək səviyyədə, qısa müddətdə yerinə yetirilsin.

İLHAM ƏLİYEV: Alınan texnika kifayət qədərdir ki, bu məsələlərin hamısı həll olunsun, yoxsa, əlavə texnika alınmalıdır?

HACIBALA ABUTALIBOV: Qum səpilməsi üçün texnika bəs edir, amma buzun təmizlənməsi, qarın yığılıb daşınmasından ötrü əlavə texnikaya ehtiyac var.

İLHAM ƏLİYEV: Buzun üstünə qum səpiləndə heç bir əhəmiyyəti olmayacaqdır. Buzlar təmizlənməlidir. İndi mərkəzi küçələrdə iş gedir, amma Bakı təkcə mərkəzi küçələrdən ibarət deyil. Hər tərəfdə yaşayan insanlar bərabər hüquqa malikdirlər. Ona görə çalışmaq lazımdır ki, şəhərin bütün yerlərində bu işlər daha da fəal getsin. Mən baxıram, görürəm ki, mərkəzi küçələrdə işlər gedir və yəqin daha çox o yerlərdə işlər gedir, haradan ki, mən keçirəm. Bu da həqiqətdir. Keçmişdən qalan, sovet sistemindən qalan gözdən pərdə asmaq praktikasını yığışdırın. Mənə bu, lazım deyil. Mən istənilən küçədən gedə bilərəm, gedirəm və baxıram da. Bəzi hallarda sizin bundan xəbəriniz də yoxdur. Ona görə hər yerdə iş getməlidir, yollar hamı üçün açıq olmalıdır.

Nəqliyyat Nazirliyində işlər necədir?

ZİYA MƏMMƏDOV (nəqliyyat naziri): Möhtərəm cənab Prezident, həqiqətən də, qeyd etdiyiniz kimi, baş verən bu təbii hadisə ilə bağlı Sizin tapşırıqlarınıza uyğun olaraq, demək olar ki, respublikanın bütün ərazisində müvafiq tədbirlər görülür. Qərargah yaradılıb, bütün sutka ərzində fəaliyyət göstərir. Qərargaha birbaşa “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov rəhbərlik edir. Demək olar ki, hava haqqında məlumatı aldıqdan dərhal sonra, qışa hazırlıq planına uyğun olaraq, biz texnikaların və müvafiq avadanlığın səfərbər edilməsi barədə lazımi işlərin görülməsinə başladıq.

Həqiqətən də, respublikada son bir neçə onilliklər ərzində görünməyən bu qar nəqliyyatın hərəkətində müəyyən problemlər və çətinliklər yaratmışdır. Amma bütün bunlara baxmayaraq, 755 ədəd texnika və avadanlıq səfərbər edilmiş və respublikanın, demək olar, bütün ərazilərində və xüsusilə, baş magistral yolların və şəhər daxilində mövcud olan əsas yolların təmizlənməsinə cəlb edilmişdir. Texnikanın idarə edilməsi, eyni zamanda, yardımçı işlərin həyata keçirilməsi üçün 5 minə qədər işçi qüvvəsi səfərbər olunmuşdur. Cənab Prezident, diqqətinizə məruzə etmək istəyirəm ki, 157 avtoqreyderdən 32-si, 437 yükünü özüboşaldan avtomobildən 137-si, 90 ədəd yükləyici ekskavatordan 30-u Bakı şəhərində işləyir. Bakı şəhərində 31 ədəd qumsəpən maşın və təxminən 2500-dən artıq işçi qüvvəsi cəlb edilmişdir.

Görülən tədbirlər nəticəsində, qeyd etdiyiniz kimi, həqiqətən də, həyat üçün zəruri olan əsas baş magistral yollar təmizlənmişdir. Amma şübhəsiz ki, istənilən nəticəyə nail olunmayıbdır. Çünki şaxta olduğundan hər yer buz bağlayıbdır. Qar yağan zaman biz həm qarı təmizləyir, həm də yollara qum qarışıq duz səpirdik. Bəzən bu, istənilən nəticəni vermirdi. Ona görə ki, qum, duz səpiləndən sonra onun üstünü yenidən qar örtürdü və yenidən yolları təmizləmək məcburiyyətində qalırdıq.

Demək istəyirəm ki, Bakı şəhərində həqiqətən əsas küçələr təmizlənibdir. Bu işlərin görülməsində biz uzun illərdir ilk dəfə olaraq, əlaqədar qurumlarla - Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə birgə işləyirik. Eyni zamanda, özəl sektordan da imkanlarını səfərbər etməyi xahiş etdik. Deyərdim ki, hamı böyük məmnuniyyətlə bu işə qoşuldu və təbiətin yaratdığı bu problemlərlə mübarizə aparırıq.

Buz yolların bəzi hissələrini bağlayıb və texnika vasitəsilə yolları təmizləyərkən həm də ehtiyatla hərəkət edirik. Çünki qreyderlər buzu təmizləyən zaman yolları sıradan çıxara bilər. Ona görə də biz ehtiyatla işləyirik. Amma Sizi tam əmin etmək istəyirəm ki, biz eyni zamanda yardımçı yollarda da işlər görmüşük. Bakı şəhərində insanlar bunları görürlər. Təkcə magistral yollarda deyil, eyni zamanda, yardımçı yollarda çox böyük tədbirlər həyata keçirilibdir. Əlbəttə, Bakı şəhərində müəyyən problemlər yaransa da, amma nəqliyyatın tam dayanması olmayıbdır. Bəzi mətbuat orqanlarında yazıldığı kimi, heç də Bakıda, respublikada nəqliyyat iflic olmayıbdır. Əlbəttə ki, məhdudiyyətlər olub, amma biz tədbirlərimizi bu gün də davam etdiririk. Cənab Prezident, Sizi əmin edirik ki, mövcud olan bütün texnika və işçi qüvvələri bu işə səfərbər olunub və bütün bu proses nəzarətimiz altındadır.

İLHAM ƏLİYEV: Fövqəladə hallar naziri.

KƏMALƏDDİN HEYDƏROV (fövqəladə hallar naziri): Möhtərəm cənab Prezident, biz xüsusən yollara çox texnika çıxara bilmədik. Çünki bizim cəmi 4 qartəmizləyən texnikamız var, onlardan biri hazırda Naxçıvan Muxtar Respublikasındadır. Bakı Şəhər İcra Hakimiyyətinin və Nəqliyyat Nazirliyinin texniki imkanlarından istifadə etməklə yanaşı, biz canlı qüvvənin də köməyi ilə Bakı şəhərində olan səkilərin təmizlənməsində iştirak etmişik. İlk gündən başlayaraq xəstəxanaların, doğum evlərinin, çörəkbişirən sexlərin və çörək mağazalarının ətrafında xüsusi iş aparmışıq ki, əhaliyə ərzağın çatdırılmasında ləngimələr olmasın. Möhtərəm cənab Prezident, dünəndən başlayaraq, biz yeni ayırdığımız yanğınsöndürmə texnikası vasitəsilə bəzi binaların damlarından sallanan buzları təmizləməyə başlamışıq. Çünki bu buzlar böyük təhlükə törədə bilər. Biz yanvarın 6-dan Nəqliyyat Nazirliyinin, Daxili İşlər Nazirliyinin qüvvələri ilə birgə döngələrdə qartəmizləmə işlərinə başlamışıq. Siz qeyd etdiyiniz kimi, uzun illərdir hava bu qədər soyuq keçməmişdir. Ona görə də hər gün qrafik üzrə bizim canlı qüvvəmiz və mövcud texnikamız yollarda işləyir.

İLHAM ƏLİYEV: Keçən illərlə müqayisədə, əlbəttə ki, bu il bu sahədə daha böyük işlər görülübdür. Amma o da həqiqətdir ki, bu il qış daha da sərt keçir. Əvvəllər iki-üç gündən sonra buz əriyir və vəziyyət normallaşırdı. Amma baxmayaraq ki, bu qədər texnika alınıb və bütün qüvvələr - şəhər icra hakimiyyəti, Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi səfərbər olunub, yenə də bu problem var. Yəni bu, təbii bir vəziyyətdir. Nəzərə alsaq, hava proqnozu hələ 1-2 gün eyni olacaqdır. Proqnoz təxminən bu səviyyədə olacaq?

HÜSEYNQULU BAĞIROV (ekologiya və təbii sərvətlər naziri): Möhtərəm cənab Prezident, hələ bu günun ikinci yarısında havanın yenidən tutulması, axşam saatlarında arabir bəzi yerlərdə az qar yağması ehtimalı var. Bu gün səhər saat 4-dən 8-dək olan məlumata görə, Bakıda bəzi yerlərdə 1-2 millimetrə qədər qar yağmışdır. Biləcəridə və Pirallahı adasında sulu qar müşahidə olunur. Günün ikinci yarısında havanın temperaturunun -3 dərəcə həddində olacağı gözlənilir, buz bağlamaq ehtimalı da var. Yanvarın 12-13-də gözlənilir ki, hava buludlu olacaq, arabir açılacaqdır. Yağıntının kəsilməsi gözlənilir. Düzdür, bəzi yerlərdə az qar yağması ehtimalı yenə də qalır. Amma ayın 14-dən tədricən temperatur yüksəlməyə başlayacaq və gündüz 1-3 dərəcə təşkil edəcəkdir. Sonrakı günlərdə isə 5 dərəcəyə qədər istilik gözlənilir.

İLHAM ƏLİYEV: Hər halda, iki-üç gün belə hava şəraiti davam edəcəkdir. Ona görə siz bütün gücləri səfərbər edin, gücləndirilmiş iş rejimində işləyin və çalışın ki, bu vəziyyəti maksimum dərəcədə aradan qaldıraq.

O ki qaldı, 2008-ci ilə olan vəzifələrə, mən hesab edirəm, bu vaxta qədər görülmüş işlər, aparılmış və başlanmış islahatlar imkan verəcək ki, bu il də Azərbaycan iqtisadiyyatı öz inkişafını uğurla davam etdirsin.

İqtisadi sahədə ən çox fikir, diqqət yetirdiyimiz sahə bahalaşma və inflyasiyadır. Burada səsləndi ki, 2007-ci ildə Azərbaycanda inflyasiya 16 faizdən çox olmuşdur. Bu, çox böyük rəqəmdir. Düzdür, əhalinin pul gəlirləri 38 faiz artmışdır və beləliklə, real gəlirlər 22 faiz səviyyəsindədir və bu, çox böyük rəqəmdir, göstəricidir. Amma bununla bərabər, onu da bilməliyik ki, əhalinin pul gəlirləri bərabər şəkildə bölünmür. Yəni kasıb təbəqə var - 16 faiz. Düzdür, biz bunu böyük dərəcədə aşağı salmışıq. Amma yenə də vətəndaşlarımızın 16 faizi yoxsulluq şəraitində yaşayır və onlar üçün bu məhsulların, xüsusilə ərzaq məhsullarının bahalaşması çox böyük problemlər yaradır. Biz 2008-ci ildə makroiqtisadi vəziyyəti sabit saxlamalıyıq. Burada çıxışlarda səsləndi, əlbəttə ki, həm obyektiv, həm də subyektiv amillər mövcuddur. Dünyada neftin qiymətinin kəskin şəkildə bahalaşması bütün idxal edilən malların bahalaşmasına gətirib çıxarıbdır. Bizim hələ ki, istehlak bazarımız böyük dərəcədə idxaldan asılıdır və Azərbaycanda həyata keçirilən həm regional inkişaf proqramı, həm sənayeləşmə proqramı, həm də sahibkarlığın inkişafı proqramı o məqsədi güdür ki, Azərbaycan idxaldan öz asılılığını maksimum dərəcədə azalda bilsin. Biz buna tədricən nail oluruq. Amma hələ ki, ərzaq mallarının bir hissəsi xaricdən gətirilir. Xaricdə də qiymətlər Azərbaycanda olan səviyyədə qalxır.

2007-ci ildə dünyada taxılın qiyməti 50 faiz qalxmışdır və bu, istər-istəməz bütün başqa sahələrə də öz mənfi təsirini göstərir. Əlbəttə, inflyasiyanı yaradan obyektiv səbəblərdən biri də Azərbaycanda əhalinin pul gəlirlərinin artmasıdır, maaşların, pensiyaların qaldırılmasıdır. Yəni ümumiyyətlə, iqtisadi inkişafın əlamətidir. Ancaq subyektiv səbəblər də var. Məhz subyektiv səbəblərin aradan qaldırılmasına biz gərək böyük səy göstərək. Sağlam rəqabət prinsipi tam bərqərar olunmalıdır, inhisarçılıq meyilləri aradan qaldırılmalıdır. Bizim bazarımız tam liberallaşmalıdır, rəqabət getməlidir. İmkan verməməliyik ki, nə idxalda, nə də daxili istehsalda inhisarçılıq yaransın. Ona görə mən ümid edirəm ki, həm makroiqtisadi, həm də inzibati tədbirlər nəticəsində 2008-ci ildə inflyasiya normal çərçivədə olacaqdır.

Deyə bilərəm ki, bundan başqa bizim iqtisadi və makroiqtisadi sahədə böyük ciddi problemlərimiz yoxdur. Əksinə, biz 2007-ci ili çox yaxşı nəticələrlə başa vurduq. Bizim valyuta ehtiyatlarımız 7 milyard ABŞ dollarını ötüb keçmişdir. 2008-ci ildə xəzinəmizə çox böyük həcmdə valyuta ehtiyatları daxil olacaqdır. Beləliklə, Azərbaycanın dayanıqlı inkişafı bundan sonra da uzun illər təmin ediləcəkdir. Nəzərə alsaq ki, dünyada neftin qiyməti qalxıb və bildiyiniz kimi, Dünya Bankının verdiyi bəyanatlara görə, Azərbaycan neftin satışından 2020-ci ilə qədər 200 milyard dollar vəsait toplayacaqdır. Əlbəttə ki, neftin qiyməti artdıqca, bu rəqəm də artacaqdır. Biz buna hazır olmalıyıq və elə etməliyik ki, bunun makroiqtisadi vəziyyətə mənfi təsiri minimum səviyyədə olsun.

Eyni zamanda, biz artıq bundan sonra, gələcəkdə heç bir maliyyə sıxıntısı keçirməyəcəyik. Biz sadəcə olaraq, öz maliyyə imkanlarımızdan ağıllı istifadə etməliyik, onları lazım olan yerlərə yönəltməliyik. Elə etməliyik ki, qısa müddət ərzində bu məbləğlər, ölkəmizə gələn maliyyə resursları ölkəmizin hərtərəfli inkişafına xidmət göstərsin. Ölkəmiz müasirləşsin, modernləşsin, ən qabaqcıl texnologiyalar Azərbaycana gətirilsin. Bütün sahələrdə - istər tikinti, istərsə də səhiyyə, təhsil, infrastruktur - bütün sahələrdə ən qabaqcıl texnologiyalar Azərbaycana gətirilməlidir. Biz bunu görürük. Azərbaycanda son illər ərzində, xüsusilə dövlət xətti iIə yaradılan müəssislələr, həyata keçirilən infrastruktur layihələri, tikilən obyektlər dünyanın ən yüksək standartlarına cavab verir.

Qeyri-neft sektoruna yenə diqqət göstərməliyik. 2008-ci ildə qeyri-neft sektorunun inkişafı bizim üçün çox vacibdir. Beləliklə, bizim iqtisadiyyatımız neft amilindən asılı olmayacaqdır. Məqsəd ondan ibarətdir ki, bir neçə ildən sonra iqtisadi imkanlarımızın neft amilindən asılılığını tamamilə aradan qaldıraq. Belə imkanlar var və əminəm ki, qeyri-neft sektorunun inkişafı həm dövlət tərəfindən verilən dəstək hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində daha da genişlənəcəkdir.

Bildiyiniz kimi, biz bir neçə il ərzində sahibkarlara güzəştli kreditlər veririk, bu kreditlər də yaxşı işləyir. Bu kreditlərin hesabına yeni müəssisələr - fabriklər, emal müəssisələri yaradılır, özəl biznes inkişaf edir. İqtisadiyyatımızın ümumi çəkisində özəl biznesin kifayət qədər böyük yeri var. Azərbaycan iqtisadiyyatı 80 faizdən yuxarı özəl sektorun əsasında qurulubdur.

Mən artıq qeyd etdim, regional inkişaf proqramının başa çatması gözlənilir və artıq hökumətə tapşırıqlar verilibdir, ondan sonra 2009- 2013-cü illər üçün yeni regional inkişaf proqramı hazırlanmalıdır. O proqramda bu vaxta qədər həll olunmamış bütün məsələlər öz əksini tapmalıdır. Beləliklə, 2013-cü ilə qədər, əminəm ki, bundan da tez, biz ölkədə bütün infrastruktur layihələrini başa çatdırmalıyıq, bütün sosial məsələləri həll etməliyik və hər bir kəndin problemi öz həllini tapmalıdır. Bir sözlə, biz bu imkanlardan, artan maliyyə imkanlarımızdan səmərəli istifadə etməliyik və edəcəyik.

Azərbaycan Dövlət İnvestisiya Şirkətinin fəaliyyətinin güclənməsi də, əminəm ki, müsbət nəticələrə gətirib çıxaracaqdır. Bir müddət bundan əvvəl Dövlət İnvestisiya Şirkəti yaradılmışdır. Müəyyən danışıqlar aparılır, amma hələlik heç bir nəticə yoxdur. Baxmayaraq ki, iki ildən artıqdır hər il büdcədə bu məqsədlər üçün 100 milyon dollar vəsait nəzərdə tutulur. Biz Dövlət İnvestisiya Şirkətini məhz bu məqsədlə yaratdıq ki, Azərbaycan üçün lazım olan sahələrə xaricdən investisiyaları cəlb etsin, özü investor kimi orada iştirak etsin və müəssisələr yaradıldıqdan, işə başlayandan sonra Dövlət İnvestisiya Şirkəti öz payını açıq hərraca çıxarsın və beləliklə, özəl sektora dəstək versin. Çünki Azərbaycana qoyulan investisiyalar, xüsusilə özəl sektor tərəfindən qoyulan investisiyalar özəl sektorun marağında olan sahələrə yönəldilir. Bəzi hallarda dövlət üçün əhəmiyyətli olan sahələr investisiya almır. Çünki özəl sektor buna maraqlı deyil. Dövlət İnvestisiya Şirkətinin əsas məqsədi ondan ibarətdir ki, bizim üçün, dövlət üçün lazım olan sahələrə vəsait cəlb edək. Mən gözləyirəm ki, 2008-ci ildə bu şirkətin fəaliyyəti daha da uğurlu olacaqdır.

2007-ci ildə biz eyni zamanda gördük ki, öz ərzaq təhlükəsizliyimizi də təmin etməliyik. Azərbaycan iqtisadi təhlükəsizliyini, enerji təhlükəsizliyini təmin edibdir və başqa ölkələrin enerji təhlükəsizliyində iştirak edir. Ərzaq təhlükəsizliyi də ondan az əhəmiyyət daşımayan sahədir. Xüsusilə biz görəndə ki, dünyada ərzaq məhsullarının qiymətləri qalxır və bu, istər-istəməz bizim istehlak bazarımıza mənfi təsir göstərir. Bildiyiniz kimi, qəbul edilmiş bütün qərarlar, tədbirlər ona xidmət edir ki, Azərbaycanda kənd təsərrüfatı daha da inkişaf etsin. Hər bir kəndliyə dotasiya verilir. Biz 2007-ci ildə bu məqsədlərə 80 milyon manat vəsait nəzərdə tutmuşduq və bu vəsait paylanılıbdır. Elədirmi?

İSMƏT ABASOV (kənd təsərrüfatı naziri): Bəli, keçən il üçün ayrılan vəsait paylanılmışdır. Növbəti il üçün yenidən 80 milyon manat nəzərdə tutulmuşdur. 40 milyon manat “Aqrolizinq” Səhmdar Cəmiyyətinə nəzərdə tutulmuşdur, 5 milyon manat isə “Aqrokredit” Agentliyi vasitəsilə kredit şəklində veriləcəkdir.

İLHAM ƏLİYEV: Bundan başqa, taxıl əkən hər bir fermerə hər hektar üçün 40 manat dotasiya verilir.

İSMƏT ABASOV: Bəli, cənab Prezident, Sizin göstərişinizlə buğda istehsalçılarına əlavə olaraq 40 manat vəsait verildi. Hazırda keçən ilin müvafiq dövrünə nisbətən təxminən 127 min hektar əlavə buğda əkini aparılmışdır. Bu da təxminən 300 min ton əlavə buğdanın olacağını göstərir.

İLHAM ƏLİYEV: Beləliklə, 2008-ci ildə bu sahəyə daha da böyük diqqət göstərməliyik. Bizim gözəl imkanlarımız, təbii şəraitimiz, iqlimimiz var. Azərbaycanda, demək olar ki, bütün kənd təsərrüfatı məhsulları yetişdirilir. Buraya dövlət xətti ilə daha da böyük vəsait qoymalıyıq.

Eyni zamanda, biz meliorasiya sahəsinə əlavə vəsaitlərin qoyulmasını təmin etməliyik. İndi bu proses gedir və Samur-Abşeron kanalı tikilir. Taxtakörpü su anbarının tikintisinə başlanmışdır və başqa layihələr icra olunmalıdır. Biz növbəti illərdə bu sahəyə böyük diqqət göstərməliyik. Bu, həm kənd təsərrüfatının inkişafına xidmət göstərəcək, həm məşğulluğu artıracaq və həm də bütövlükdə, ölkəmizin inkişafı üçün çox vacib olan sahədir. İndi bizim maliyyə imkanlarımız var, sadəcə olaraq, yaxşı proqramlar, layihələr hazırlanmalıdır və biz onlara vəsait ayırmalıyıq.

Energetika sahəsində nəzərdə tutulmuş əsas layihələr, demək olar ki, ya başa çatıb, yaxud da yaxın 2-3 il ərzində başa çatacaqdır. Biz son üç il ərzində təxminən 700 meqavat əlavə enerji gücü yaratdıq. Bu, bizə imkan verir ki, artıq ölkəmizi elektrik enerjisi ilə tam şəkildə təmin edək. Növbəti üç il ərzində Azərbaycanda bir neçə elektrik stansiyasının tikintisi və yenidən qurulması nəzərdə tutulur və bu işlərin nəticəsində 3 min meqavat enerji gücü yaranacaqdır.

Bu, Azərbaycanı bundan sonra uzun illər ərzində elektrik enerjisi ilə təminatını təmin edəcək və gələcəkdə biz elektrik enerjisini xarici ölkələrə də ixrac edə bilərik.

Bizim iqtisadiyyatımız artır, əhali artır, yeni müəssisələr, fabriklər, zavodlar tikilir, elektrik enerjisinə olan tələbat artır. Biz buna hazır olmalıyıq və bütün tədbirləri əvvəldən görməliyik. Yəni mən hesab edirəm ki, bu sahədə qəbul olunmuş proqramlar energetika sektorunu artıq tam şəkildə təmin edəcəkdir. Vəsait də var, maliyyə mənbələri də var və elektrik stansiyaları tikilir, elektrik xətləri çəkilir və bu sahədə artıq tam qayda-qanun yaradılacaqdır.

Əhalini qazla təmin etmək üçün 2008-ci ildə əlavə tədbirlər görülməlidir. Bizim hələ iki rayonumuz - Ağcabədi və Beyləqan rayonları obyektiv səbəblərə görə təbii qaz almır. Bu ilin əvvəlində Ağcabədi rayonuna qaz veriləcək və ilin birinci yarısına qədər Beyləqan rayonuna da təbii qazın verilməsi bərpa olunacaqdır. Beləliklə, Azərbaycanın bütün rayonları qazla təmin ediləcəkdir. Hələ deyə bilmərik ki, bütün kəndlər qazla təmin olunubdur. Bəzi yerlərdə heç qaz xətləri olmayıb, bəzi yerlərdə bu, böyük çətinliklərlə bağlıdır.

Ancaq deyə bilərəm ki, indi Azərbaycan əhalisinin təxminən 80 faizə yaxını təbii qaz alır və bu, dünya miqyasında, bizim bölgədə, MDB məkanında kifayət qədər böyük göstəricidir. Bizdən daha böyük həcmdə qaz hasil və ixrac edən ölkələrdə bu rəqəm 50-60 faiz səviyyəsindədir. Bizdə 75-80 faizdir. Nəzərə alsaq ki, bizim böyük qaz ehtiyatlarımız var, qaz hasilatı artır, çalışmalıyıq ki, Azərbaycan vətəndaşlarını təbii qazla maksimum dərəcədə təmin edək. Həm “Şahdəniz” yatağından hasilat, həm də Dövlət Neft Şirkəti tərəfindən görülən tədbirlər və qoyulan investisiyalar nəticəsində, demək olar ki, qaz təhvili iki dəfə artıbdır. Biz, ilk növbədə, maksimum dərəcədə özümüzü təmin etməliyik və əlbəttə, bununla bərabər, qaz ixrac edən ölkəyə çevrilmişik. Bundan da böyük həm iqtisadi, həm də siyasi dividendlər götürəcəyik.

Mən elektrik enerjisi ilə bağlı bir məsələyə də toxunmaq istəyirəm. Bildiyiniz kimi, 13 il ərzində blokadada yaşayan və qazdan məhrum olan Naxçıvanı biz bu yaxınlarda təbii qazla təmin etdik. İran İslam Respublikası ilə bağlanmış müqaviləyə əsasən, mübadilə yolu ilə biz buna nail ola bilmişik. Biz Astaradan İrana qaz veririk, İrandan isə Naxçıvana qaz alırıq. Naxçıvanda təxminən 90 meqavat gücündə modul tipli elektrik stansiyası tikilibdir. Son günlərə qədər Naxçıvanın təbii qazla və elektrik enerjisi ilə təminatında heç bir problem olmamışdır. Demək olar ki, bütün muxtar respublika elektrik enerjisi ilə tam şəkildə təmin olunur və qaz xətlərinin çəkilişi nəticəsində əhalinin təxminən 90 faizə yaxını təbii qaz alır. Elədirmi?

ƏLİXAN MƏLİKOV (”Azəriqaz” Səhmdar Cəmiyyətinin sədri): Bəli, cənab Prezident, hazırda əhalinin 90 faizi təbii qaz alır.

İLHAM ƏLİYEV: Alırlar.

ƏLİXAN MƏLİKOV: Bəli.

İLHAM ƏLİYEV: Amma bildiyiniz ki, havanın pisləşməsi ilə əlaqədar qonşu İranda da müəyyən problem yarandı və İrandan Naxçıvana qazın verilməsi dayandırıldı. Ondan sonra bərpa olundu, amma lazım olan səviyyədə verilmir. Biz bunu araşdırdıq və görürük ki, bunun texniki səbəbləri var. Ancaq bununla bərabər, biz görürük ki, Naxçıvan əhalisi bu vəziyyətdən əziyyət çəkir. Ona görə mən artıq tapşırıqlar verdim, bir daha bunu demək istəyirəm. Hesab edirəm, Naxçıvanda əlavə qaz-mazut elektrik stansiyası tikilməlidir ki, biz qazdan tam asılılığı azaldaq. Biz mazut ehtiyatlarını yığa bilərik ki, əgər qışda xaricdən qazın verilməsi ilə bağlı yenə problem yaranarsa, onda muxtar respublikada enerji böhranı yaranmasın.

Bununla bərabər, Neft Şirkətinə tapşırıq verirəm ki, Naxçıvanda yeraltı qaz anbarlarının yaradılması imkanlarını araşdırsınlar. Əgər belə imkanlar varsa, orada təxminən 300 milyon kubmetr həcmində qaz anbarları tikilməlidir. Yay aylarında İrandan alınan qazı biz ora dolduracağıq. Əgər İranda böhran yaranarsa, onda biz yeraltı anbardan o qazı götürəcəyik. Beləliklə, bu məsələ də öz həllini tapmalıdır. Bunun texniki imkanları araşdırılmalıdır və biz bunu etməliyik.

Mənə verilən məlumatlara görə, bəzi yerlərdə, rayonlarda gecələr, axşamlar qazın, elektrik enerjisinin verilməsi dayandırılır. Bunun səbəbləri ondan ibarətdir ki, borclar var, pulu əhalidən tam yığa bilmirlər. Əlbəttə, biz hər sahədə qayda-qanun yaratmalıyıq, hər sahədə şəffaflıq olmalıdır, hər bir məhsulun öz qiyməti var və o qiymət ödənilməlidir. Nəzərə alsaq ki, keçən il Azərbaycanda əhalinin pul gəlirləri 38 faiz artıb və indi yoxsulların sayı böyük dərəcədə azalıb, Azərbaycan əhalisinin əksər hissəsi ödənişləri çox rahatlıqla edə bilər. Ancaq bununla yanaşı, 16 faiz yoxsulumuz var. Xüsusilə qış mövsümündə, qışın belə sərt günlərində mən həm “Azərenerji”yə, “Bakıelektrikşəbəkə”yə, “Azəriqaz”a, həm də bütün müvafiq qurumlara tapşırıq verirəm ki, bu sərt günlərdə əhaliyə daha da böyük diqqətlə yanaşsınlar. İşığı kəsməsinlər, qazın verilməsini kəsməsinlər, insanlar üçün əlavə problemlər yaratmasınlar. Qış qurtarar, yaz başlayar, hava yaxşılaşar, ondan sonra yenə də o ciddi tədbirləri bərpa edin, tələb edin və hamı qaz və işıq pulunu ödəməlidir. Ancaq hesab edirəm ki, indiki şəraitdə daha diqqətli olmalısınız. Xüsusilə o insanlara ki, onların doğrudan da imkanları yoxdur. Elələri var ki, hər şeyi var, ev-eşiyi, maşınları, bağları, amma qazın pulunu vermir. Onlara qarşı ən ciddi sanksiyalar tətbiq olunmalıdır, onlar cəzalandırılmalıdır, qazı kəsilməlidir və tədbir görülməlidir. Amma görürsünüz ki, kimin imkanı yoxdur, kasıbdır, mən tələb edirəm, onlara qarşı diqqətli olasınız və o insanları incitməyəsiniz.

Bütövlükdə, indi həm elektrik, həm də qaz sayğacları quraşdırılır. Biz ölkəmizi qazla təchiz edirik. Bakı kəndlərinin qazla təminatını yaxşılaşdırmalıyıq, bilirsiniz ki, xüsusi proqram qəbul edilmişdir. Amma mənə verilən məlumata görə, hələ ki, bütün kəndlərə qaz verilmir. Əlixan, elədir?

ƏLİXAN MƏLİKOV: Bəli, cənab Prezident, kəndlər tam 100 faiz qaz almır. Ancaq keçən illə bu ili müqayisə edəndə, əgər keçən il kəndlərdə 50 faiz qaz alırdılarsa, indi təxminən 80 faiz təmin olunublar. 15-20 faiz qalıbdır. Biz işlərimizi davam etdiririk. Yəqin ki, 2008-ci ilin birinci yarısına qədər başa çatdırılacaqdır.

İLHAM ƏLİYEV: Çalışın, bunu tezliklə edin. Çünki biz indi qazı ən ucqar kəndlərə aparırıq. Amma burada, Bakıda kəndlərin bəzi yerlərinə qaz verilmir. Bu, dözülməz bir vəziyyətdir. Xüsusilə onu nəzərə almalıyıq ki, mənim tərəfimdən qəbul edilmiş qərar - Bakıətrafı qəsəbələrin inkişafı ilə bağlı qəbul edilmiş proqramda bütün bu məsələlər nəzərdə tutulubdur. İlk növbədə, kəndlərin qazla təmin olunması üçün lazımi tədbirlər görülüb, vəsait ayrılıbdır. Siz işləri tezləşdirin və bütün kəndlərin hər bir hissəsi qazla təmin olunmalıdır.

2008-ci ildə biz sənaye potensialının inkişafına diqqət göstərəcəyik. Bu sahədə işlər gedir. Azərbaycanda sənayeləşmə prosesi daha da sürətlə getməlidir. Mən bir daha demək istəyirəm ki, bizim maliyyə çətinliklərimiz artıq yoxdur. Bizim 7 milyard dollardan çox valyuta ehtiyatlarımız var. Gələn il neftin qiymətindən asılı olaraq, minimum bu qədər də əlavə gələcəkdir. Biz bu imkanlardan istifadə etməliyik. Güclü sənaye potensialı yaratmalıyıq ki, bizim sənayemiz çoxşaxəli olsun. Həm məşğulluq artsın, həm də yeni iş yerləri açılsın və Azərbaycanda güclü sənaye potensialı yaradılsın. Ona görə həm İqtisadi İnkişaf Nazirliyi, həm Maliyyə Nazirliyi, həm də bütövlükdə hökumət, sənaye və energetika nazirliyi birlikdə bu işlərə bir daha baxın və mənə konkret təkliflər verin. Əgər Dövlət İnvestisiya Şirkətinin fəaliyyətində çətinliklər varsa, xaricdən investisiyalar cəlb edə bilmiriksə, lazım deyil, özümüz vəsait qoyaq. Bizim vəsaitimiz var. Dövlət biznesi təşviq etmək üçün güzəştli kreditlər verə bilər. Bu, bütün dünyada var. Ölkə üçün lazım olan sahələri inkişaf etdirmək üçün dotasiyalar, subsidiyalar, yumşaq kreditlər verilir. Biz bu gün başlasaq, iki-üç ildən sonra sanballı sənaye müəssisəsi yarada bilərik.

Mən bilirəm ki, Sənaye və Energetika Nazirliyində belə planlar var, proqram da hazırlamısınız. Hesab edirəm ki, 2008-ci ildə biz artıq bu işlərə konkret başlamalıyıq. Bu vaxta qədər müəyyən işlər görülübdür. Müxtəlif yerlərdə yeni sənaye kompleksləri tikilir. Bu, məni çox sevindirir. Çünki bu, sənaye potensialının inkişafı deməkdir. Ancaq mən istəyirəm ki, biz bunu daha da böyük həcmdə edək.

İndi Azərbaycan Dövlət Neft Şirkəti Türkiyədə ən böyük neft kimyası kompleksini tender nəticəsində udub və “Petkim” şirkəti artıq Azərbaycan Dövlət Neft Şirkətinin mülkiyyətidir. Oraya böyük investisiyalar qoyulur, 2 milyard dollar vəsait xərclənir. Ondan sonra da investisiya qoyulacaqdır. Bundan başqa, Dövlət Neft Şirkətinin başqa ölkələrdə investisiya layihələri var. Həm Ceyhanda neft emalı zavodunun tikintisi,- sən orada idin, oradan gəlmisən - həm də başqa ölkələrdə, Avropa ölkələrində.

RÖVNƏQ ABDULLAYEV (Dövlət Neft Şirkətinin prezidenti): Bəli, cənab Prezident, Ceyhanda neft emalı zavodunun tikintisi və “Petkim”də ikinci neft emalı zavodunun tikintisi bizim proqramımızda var. Ümumiyyətlə, Türkiyədə ildə 20-30 milyon ton gücə malik emal müəssisəsi yaradacağıq.

İLHAM ƏLİYEV: Bu, çox yaxşıdır. Amma eyni zamanda, mən tapşırıq vermişdim, Azərbaycanda da yeni güclü emal kompleksinin tikintisinə böyük ehtiyac var. Neft kimyası kompleksinin tikintisinə böyük ehtiyac var. Bizim neftayırma zavodlarımız işləyir. Sən də direktor olmusan, yaxşı bilirsən. Amma onlar hələ ki, tam, yəni dünya səviyyəsində məhsul buraxmır. Baxmayaraq ki, yenidənqurma işləri aparılıb, bəzi məhsullar dünya səviyyəsinə çatdırılıbdır. Amma onlar çoxdan tikilib, ekoloji cəhətdən havanı korlayır.

Azərbaycanda yeni, müasir neft kimyası kompleksi tikilməlidir. Beləliklə, biz həm neftimizi, həm də qazımızı daha səmərəli şəkildə emal edib dünya bazarlarına çatdıracağıq. Bu, həm məşğulluqdur, iş yerləridir, həm sənaye potensialıdır, həm də yenilikdir, müasirlikdir. Bilirsiniz ki, Avropada indi meyarlar çox güclənib, çox sərtləşibdir. Bizdə istehsal olunan dizel yanacağı, yaxud da kerosin ilə gələcəkdə dünya bazarına çıxmaq mümkün olmayacaqdır. Belə olsa, biz yalnız xam nefti satacağıq. O da bir yoldur, amma mən hesab etmirəm ki, bu, bizim üçün əsas yoldur. Xam neft öz yerində, amma biz neft məhsulları bazarını da itirməməliyik. Nəzərə alsaq ki, indi biz müxtəlif ölkələrdə, həm qonşu ölkələrdə - həm də Avropada neft məhsullarının satışı ilə də məşğul olmaq istəyirik. Ona görə 2008-ci ildə bu sahədə konkret tədbirləri hazırlayın və məruzə edərsiniz.

Bir sözlə, sənaye potensialının artımı bizim prioritet məsələmiz olmalıdır. 2008-ci ildə başqa sahələrdə də işlər qəbul edilmiş proqramlar əsasında gedəcəkdir. Nəqliyyat sektorunda həm magistral yollar, həm Bakının yolları, həm də körpülər, yol qovşaqları - bütün bunlar proqramda var. Biz onu Dövlət İnvestisiya Proqramına da salacağıq. Elə etməliyik ki, bütün yol infrastrukturu ən yüksək səviyyədə olsun, dünya standartlarına cavab versin. Həm mövcud yolları yenidən qurmalı, həm də mövcud olmayan, yeni şəhərlərarası yolları açmalıyıq ki, yol hərəkəti daha da rahat olsun.

2008-ci ildə də ekologiya məsələlərinə diqqət göstəriləcək, vəsait ayrılacaqdır. Biz böyük ekoloji proqram qəbul etdik. O, artıq icra olunmağa başlamışdır. Mən görürəm, artıq Bibiheybətdə birinci işlərə başlanmışdır. Mən o məsələni Dövlət Neft Şirkətinin qarşısında qoydum ki, Bibiheybət buxtasını və orada olan çirklənmiş bütün əraziləri siz təmizləməlisiniz. Onlar da mənə söz vermişdilər ki, oranı gözəl bir parka çevirəcəklər. Elədir?

RÖVNƏQ ABDULLAYEV: Bəli, cənab Prezident. May ayınadək bu məsələ həll ediləcək.

İLHAM ƏLİYEV: Ora Bakının neftlə çirklənmiş əsas yerlərindəndir. Həm görüntü baxımından, həm də ekologiya baxımından çox mənfi təsiri olan bir yerdir. Amma tarixi bir yerdir. Azərbaycanın neft tarixi həm də oradan başlanmışdır. Ona görə biz o yeri abadlaşdırmalıyıq, orada gözəl parklar salınacaqdır. İndi belə bərbad vəziyyətdə olan yerləri biz gözəl səviyyəyə çatdıracağıq.

Əlbəttə, ekologiya proqramı bunlarla bitmir. Neft Şirkəti vaxtilə neft sənayesinin fəaliyyəti nəticəsində çirklənmiş yerləri təmizləməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də öz vəzifələrini bilir. Bu yaxınlarda içməli su baxmından ən pis vəziyyətdə olan kəndlərə suyun verilməsinə başlanmışdır. 50 kəndə su verilir.

HÜSEYNQULU BAĞIROV: Bəli, havaların soyuması Salyanda, Neftçalada və başqa rayonlarda buna mane olur. Amma 50 kənddə işlər başa çatdırılmışdır.

İLHAM ƏLİYEV: Sonrakı mərhələdə əlavə kəndlər nəzərdə tutulmalıdır.

HÜSEYNQULU BAĞIROV: Bəli, əlavə kəndlər üçün proqram hazırdır. Ümumiyyətlə, Azərbaycanda 450 min əhalinin su problemi var. Yəni su var, sadəcə, onun keyfiyyət problemi var. Sizin tapşırığınızla həmin suların keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı proqram hazırlanıb başa çatdırılmışdır və qısa müddətdə Sizə təqdim ediləcəkdir. Bununla da Azərbaycanda keyfiyyətsiz su içən insan olmayacaqdır.

İLHAM ƏLİYEV: Çox yaxşı, biz buna nail olmalıyıq. Çünki su həyatdır, sağlamlıqdır. Su insanların fiziki gücüdür, insan orqanizmi üçün əsasdır. Biz elə etməliyik ki, Azərbaycan vətəndaşları təmiz su içsinlər. İndi Oğuz-Qəbələ-Bakı su kəməri tikilir. Hesab edirəm ki, bu da tarixi bir layihədir. O da uzun illər ərzində müzakirə olunmuşdu, hətta Sovet İttifaqı zamanı müzakirə edilmişdi. Müxtəlif fərziyələr var idi: su ehtiyatları var, yoxdur, bunun qiyməti nə qədər olacaq, necə olacaq, maliyyə haradan olacaq. Biz özümüz etdik. Kredit istədik, alınmadı, heç kim kredit vermədi. Ondan sonra hansısa müştərək investisiya proqramını işləmək istədik, o da nəticəsiz qaldı. Nə etdik? Özümüz pul ayırdıq və artıq kəmər tikilir. Bu il istismara veriləcək və Bakı əhalisi təmiz içməli su ilə təmin olunacaqdır. Yenə də deyirəm, bu, mənim üçün Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi dəyərli bir kəmərdir və o, böyük rəmzi xarakter daşıyır. Biz neft kəmərini tikdik və neftdən, o kəmərin fəaliyyətindən əldə olunan gəlirlə su kəməri də çəkdik. Azərbaycan nefti Azərbaycan xalqına xidmət edir. İnsanların sağlamlığına xidmət edir. Ölkəmizin inkişafına xidmət edir.

Bütün bunları bir daha təhlil edəndə görürük ki, 1990-cı illərin o ağır şəraitində “Əsrin müqaviləsi”nin imzalanması, ulu öndər Heydər Əliyevin nə qədər cəsarətli və müdrik addımı olmuşdur. Əgər o vaxt bu müqavilə imzalanmasaydı, mən açıq deyirəm, bunların heç biri bu gün olmazdı və ümumiyyətlə, təsəvvür etmək çətindir ki, Azərbaycanın indiki vəziyyəti necə ola bilərdi. Bu, bizə imkan verdi, bizim qollarımızı açdı. Biz sərbəst inkişaf edirik, müstəqil ölkə kimi inkişaf edirik. Heç kimdən asılı deyilik. Öz taleyimizi özümüz həll edirik və uğurla həll edirik. Müstəqil ölkə kimi və uğurlu ölkə kimi biz sübut etdik ki, Azərbaycan xalqı müstəqil xalq kimi yaşaya bilər, Azərbaycan xalqı müstəqil dövlət qura bilər, bu dövləti qoruya, möhkəmləndirə bilər. Bu dövlət möhkəm dövlətdir və bu yerləşdiyi bölgədə öz təsir imkanlarını genişləndirir. Bu, hər bir vətənpərvər insanda qürur hissi oyadır. Mən çox şadam ki, biz, Azərbaycan xalqı qısa bir tarixi müddət ərzində güclü dövlət qurmuşuq.

Mən burada səslənən bir məsələ barədə də öz fikrimi bildirmək istəyirəm. Füzuli Ələkbərovun çıxışında xaricdən gələn miqrantlarla bağlı məsələlər səsləndi. Yadınızdadırsa, bu barədə mən hələ bir il bundan əvvəl öz fikirlərimi demişdim. Görürdüm, vəziyyət elə istiqamətə gedir ki, biz gələcəkdə bu problemlə üzləşə bilərik. Biz başqa ölkələrin bu sahədəki təcrübəsini öyrənməliyik. Miqrantların gəlməsi bütövlükdə inkişafın göstəricisidir. Əgər inkişaf olmasaydı, heç kim buraya iş üçün gəlməzdi. Amma digər tərəfdən, biz indidən tədbirlər görməliyik ki, sabah bu, bizim üçün problemə çevrilməsin. Miqrant gəlir, iş yerini tutur və yerli vətəndaş o iş yerindən məhrum olur. Düzdür, o da həqiqətdir ki, bəzi hallarda bizim vətəndaşlarımızın işləmək istəmədiyi yerlərdə miqrantlar gəlib işləyirlər. Bu da onu göstərir ki, Azərbaycanda faktik olaraq, işsizlik barədə söhbət açmaq yersizdir. İş var, bəzi hallarda işləmək istəməyənlər və dövlətdən böyük imkanlar gözləyənlər var.

Dövlət doğrudan da ancaq kasıb şəraitdə yaşayanlara, yoxsullara kömək əlini uzadır. 78 min ailə, 300 mindən çox insan dövlət tərəfindən pul alır. Özü də bu, az pul deyil, dediyim kimi, hər bir ailə 100 dollara yaxın pul alır. Amma işləmək istəməyənlər özləri bilməlidirlər ki, iş hamı üçün var. Bunu hamı bilməlidir. Ancaq istisna deyil ki, gələcəkdə miqrantların sayı arta bilər. Yəni Azərbaycanda gedən inkişaf, tikinti... Miqrantlar xüsusilə xidmət və tikinti sektorunda işləyirlər. Füzuli, elədirmi?

FÜZULİ ƏLƏKBƏROV: Cənab Prezident, tamamilə düz deyirsiniz. Mən çıxışımda dedim, il ərzində dövlət rüsumu kimi 44 manat pul ödəyirlər. Bu da nə deməkdir? Miqrantlar ayda 100-150 manata işləyirlər. Bizimkilər bu məvacibə işləmirlər. Amma biz dövlət rüsumunu artırsaq, yerli sahibkarlar üçün daha əlverişli olar ki, yerli işçi qüvvəsini öyrətsin, təhsil, təlim versinlər. Onda maraq olar. Yüksək peşəkarlığa malik, hansılar ki, ayda 2000-3000-4000 manat maaş alır, onlar gəlsinlər, bizim əmək bazarının keyfiyyətcə yüksəlməsinə təsir etsinlər. Amma Siz dediyiniz kimi, gələn miqrantlar, əsasən, ən aşağı səviyyəli işlərdə çalışırlar.

İLHAM ƏLİYEV: Əslində, miqrant deyəndə, əlbəttə, aşağı səviyyəli işçiləri nəzərdə tuturuq. Azərbaycanda indi həm neft sənayesində, həm də xidmət sahəsində minlərlə xarici vətəndaş işləyir. Onlar əlbəttə, yüksək peşəkarlığa malik olan adamlardır. Amma az keyfiyyətli işçi qüvvəsinin Azərbaycana kütləvi şəkildə gəlməsinə gərək biz hazır olaq. Bütün normativ qaydaları elə tənzimləyək ki, birinci növbədə, yerli əhali üçün imkanlar yaransın. Çünki biz elə etməliyik ki, Azərbaycan vətəndaşları maksimum dərəcədə işlə təmin olunsunlar. Biz yəqin ki, gələcəkdə xaricdən gələn miqrantların sayını müəyyənləşdirməliyik, normalaşdırmalıyıq. Hər bir ölkə üçün norma olmalıdır, bundan çox olmamalıdır. Bunun həm də başqa, iqtisadi tərəfləri var.

Biz 2008-ci ildə sosial sahəyə də investisiyalar qoymaqda davam edəcəyik. Məktəb, xəstəxana tikintisi - bütün bunlar uğurla gedir və elə etməliyik ki, yaxşı vəziyyətdə olmayan bir dənə məktəb olmasın, bütün səhiyyə ocaqları təmir edilsin, yeniləri tikilsin. Bu sahəyə vəsait ayıracağıq. Muzeylər, teatrlar təmir olunur. Bu yaxınlarda Tarix Muzeyi təmirdən sonra fəaliyyətə başlamışdır. Kukla Teatrı, ondan əvvəl Yaşıl teatr təmir edilmişdir. Çox gözəl teatr olmuşdur. Yəni bu proses 2008-ci ildə də gedəcək, büdcədə vəsait ayrılıbdır və elə edəcəyik ki, bütün tarixi binalarımız təmir ediləcəkdir. Teatrlar, muzeylər - həm Bakıda, həm də rayonlarda bütün mədəniyyət ocaqları ən yaxşı səviyyədə təmir olunmalıdır və yeniləri tikilməlidir.

Eyni zamanda, idman komplekslərinin tikintisi nəzərdə tutulur. İndi 20-yə yaxın olimpiya idman kompleksi ya inşa edilir, yaxud da yaxın zamanlarda inşasına başlayacağıq. Rayonlarda ondan çox olimpiya idman kompleksi istismara verilibdir. Mən hesab edirəm ki, 2008-ci ildə bu sahədə çox böyük nailiyyətlər olacaqdır. Azərbaycan 2016-cı ildə Olimpiya oyunlarını keçirmək əzmindədir və biz artıq Beynəlxalq Olimpiya Komitəsinə öz təkliflərimizi göndəririk. Bu təşəbbüs onu göstərir ki, Azərbaycan dövləti öz gücünə arxayındır, öz gücünə istinad edir və biz Olimpiya oyunları kimi mötəbər dünya yarışını keçirə bilərik.

Əlbəttə, bugünkü iclasda bütün sahələr üzrə tapşırıqların verilməsi mümkün deyil, biz bunu sonra işgüzar qaydada davam etdirəcəyik. Sadəcə olaraq, çıxışımın sonunda ordu quruculuğu haqqında bir neçə söz demək istəyirəm.

Bildiyiniz kimi, biz bu sahəyə də böyük vəsait ayırırıq. 2008-ci ildə hərbi xərclər, ən azı, 1 milyard 200 milyon dollar səviyyəsində olacaqdır. Bu, dövlət büdcəsində nəzərdə tutulmuş rəqəmdir. İstisna deyil ki, il ərzində buna dəyişiklik edilsin. Ordumuzun peşəkarlığı artır. Ordumuz hər an öz doğma torpaqlarımızı işğalçılardan azad etməyə hazır olmalıdır və əslində, hazırdır.

Bununla yanaşı, biz 2008-ci ildə müdafiə sənayesinə daha da böyük sərmayə qoymalıyıq. Biz bu sənayeni yaratdıq. Bu sahədə çox qısa müddətdə çox böyük uğurlar əldə edilibdir. Yeni il ərəfəsində mən özüm həm Bakıda, həm də Əli Bayramlıda onların qısa müddət ərzində gördüyü işlərlə tanış oldum. Sözün əsl mənasında, çox şad oldum ki, artıq qısa müddətdə bu sənayenin ilkin elementləri var, yaratmışıq, işləyir. İnsanlar işləyir, yaxşı məhsul istehsal edirlər və sənayenin inkişafı üçün yaxşı imkanlar, perspektivlər var. Biz əsas investisiyanı qoymalıyıq, onlar isə texnologiyanı gətirirlər və artıq bir sıra ölkələrlə çox işgüzar münasibətlər qurulubdur. Bu ölkələr həm qonşu ölkələrdir, həm də uzaqda yerləşən ölkələrdir. Bu, bir daha göstərir ki, Azərbaycan dünya çapında çox böyük dostlar qazanmışdır. Çünki hərbi texnologiyalar elə sahədir ki, hər bir ölkə onu başqa ölkəyə asanlıqla verməz. Məhdudiyyətlər var, qaydalar var. Biz o yerlərdən texnologiyalar alırıq ki, vaxtilə bunu təsəvvür etmək mümkün deyildi. Ona görə burada heç bir məhdudiyyət yoxdur.

Ümumiyyətlə, bizə ənənəvi dost olan ölkələrin və yeni ölkələrin, hansı ki, bizim münasibətlərimiz çox səmimi olubdur, onların rəsmi mövqeyi belədir ki, hərbi sahədə Azərbaycanla əməkdaşlıqda heç bir məhdudiyyət yoxdur. Yəni bizim üçün bütün imkanlar açıqdır, vəsaitimiz də var. Gərək 2008-ci ildə bu sahədə daha da böyük işlər görülsün. Ümid edirəm ki, biz buna nail olacağıq. Azərbaycanda çox güclü müdafiə sənayesi, hərbi sənaye yaradılacaqdır.

Bir daha demək istəyirəm ki, bugünkü iclasda 2008-ci ildə görüləcək bütün işlər haqqında danışmaq mümkün deyil, bir neçə saat vaxt aparar. Bizim hökumətimiz yaxşı işləyir, nazirlər öz vəzifələrini bilirlər. Azərbaycanda çox gözəl idarəetmə mexanizmi, idarəetmə sistemi yaranıbdır. Hesab edirəm ki, 2008-ci ildə bütün bu müsbət nailiyyətlər artırılmalıdır. Bütün nazirlər hərə öz yerində işini davam etdirəcəkdir. Mən yaxşı nəticələri görəndə sevinirəm, qüsurlar olanda onları deyirəm, töhmət edirəm. Mən istəyirəm ki, Azərbaycanda hər şey yaxşı olsun. İstəyirəm ki, ölkəmiz daha da güclü olsun, xalqımız rahat yaşasın, xalqı narahat edən problemlər aradan qaldırılsın, məmurlar öz vəzifə borcuna məsuliyyətlə yanaşsınlar. Hər bir məmur, ilk növbədə, elə etməlidir ki, onun sahəsində irəliləyiş, tərəqqi olsun, yaxşı nəticələr olsun. Birbaşa xalqla ünsiyyətdə olan məmurlar elə etməlidirlər ki, insanlar onların fəaliyyətindən razı olsunlar. Diqqətli olmalıdırlar, yaddan çıxarmamalıdırlar ki, biz xalq üçün çalışırıq, əksinə deyil. Bizim vəzifəmiz xalqa xidmət etməkdir. Məni xalq Prezident seçibdir ki, xalqa öz xidmətimi göstərim. Mən icra strukturlarını formalaşdırım ki, biz hamımız xalqa xidmət göstərək, ölkəmizi gücləndirək və güclü Azərbaycan dövlətini yaradaq.

2008-ci il yaxşı başlayır. Əminəm ki, biz 2008-ci ili yaxşı nəticələrlə başa vuracağıq. Bu işlərdə sizin hamınıza uğurlar arzulayıram.

Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb

İncəsənət məktəbləri və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşada “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Fildişi Sahili millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib