CƏMİYYƏT
Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət korrupsiya riskinin minimum səviyyəyə endirilməsinə töhfə verir
Bakı, 15 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi ilə bir çox fərqli sahələri sistemli şəkildə əlaqələndirən islahatların müsbət nəticələri vətəndaş-məmur təmasında şəffaflıq, hesabatlılıq və rəqəmsallaşmanın genişlənməsi kimi korrupsiya riskini minimum səviyyəyə endirən indikatorlara töhfə verib. Bununla da hüquqi şəxslərin dövlət qeydiyyatı, tikinti, elektrik, əmlakın qeydiyyatı, vergi, gömrük, xarici ticarət və dövlət satınalmaları kimi ayrı-ayrı sektorların yeni inkişaf müstəvisinə keçidi stimullaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş Prokurorunun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev yanvarın 15-də qurumun ötənilki fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Baş İdarə rəisi vurğulayıb ki, bütün bu nailiyyətlər mötəbər beynəlxalq reytinqlərdə də əksini tapıb. Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 35-ci, ümumi infrastrukturun inkişafına görə isə 26-cı yerdə qərarlaşıb. “İnklüziv inkişaf indeksi” adlı illik hesabatda Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlib, habelə Dünya Bankı tərəfindən yayılan “Doing Business 2020” hesabatında Azərbaycan 20 ən islahatçı dövlət siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunub. Bu müsbət tendensiya ölkəmizin dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetərincə olmasından qaynaqlanır.