AZƏRBAYCAN PREZİDENTİNİN RUSİYAYA SƏFƏRİ BU ÖLKƏNİN MƏTBUATINDA GENİŞ ŞƏRH OLUNUR
Qeyd olunur ki, Azərbaycan Rusiyanın ayrı-ayrı subyektləri üçün də ticarət tərəfdaşı kimi cəlbedici ölkədir. Məsələn, 2005-ci ildə Stavropol diyarı ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 80 milyon dollara çatmışdır. Stavropol Azərbaycan bazarına taxılla yanaşı, mineral su, gübrə, qida emalı sahəsi üçün məhsullar da göndərir. Əvəzində isə etil spirti, poliefirlər, meyvə-tərəvəz, şirə alır.
Rusiyanın iqtisadi inkişaf və ticarət naziri German Qref jurnalistlərə bildirmişdir ki, bu sahədə əməkdaşlığı qeyri-xammal və qeyri-energetika mallarının mübadiləsi ilə davam etdirmək lazımdır. Rusiya nazirinin sözlərinə görə, bu gün söhbət əmtəə dövriyyəsinin kəmiyyət cəhətdən artırılmasından deyil, onun strukturunda keyfiyyət dəyişiklikləri aparılmasından gedir. G.Qrefin fikrincə, bir sıra sahələr mövcuddur ki, burada Azərbaycanın potensialı getdikcə artır və Rusiya şirkətləri həmin sahələrə maraq göstərirlər. Elektroenergetika, metallurgiya və maşınqayırma sahələrində ümumi layihələrin həyata keçirilməsi üçün imkanlar vardır. Kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən məhsul emalına dair birgə müəssisələrin açılması, xidmət, habelə maliyyə xidmətləri sahəsində, nəqliyyat dəhlizlərinin, eləcə də Şimal-Cənub dəhlizinin yaradılması üçün potensial mövcuddur.
Rusiya mətbuatında vurğulanır ki, Azərbaycanın sərmayə potensialı da bu ölkə üçün cəlbedicidir. Tezliklə Rusiyada Azərbaycan banklarının filialları açılacaqdır. Bank sahəsində əməkdaşlıq kifayət qədər perspektivli sahədir. Belə ki, etnik banklar ikimilyonluq Azərbaycan diasporunun tarixi vətəninə göndərdiyi pul köçürmələrinin bir hissəsinin leqallaşdırılmasına kömək edəcəkdir.
Rusiya şərhçilərinin fikrincə, ikitərəfli qarşılıqlı fəaliyyətin ənənəvi istiqamətlərindən biri energetika sahəsidir. Azərbaycan Rusiya qazının nəqlində maraqlıdır, “Qazprom” şirkəti isə nəqliyyat layihələrinin fəal iştirakçısı ola bilər. İldə 10 milyon ton neft daşımaq qabiliyyətinə malik Bakı-Novorossiysk neft kəməri də öz əhəmiyyətini itirməmişdir.
Moskva mətbuatı energetika sahəsində mütəxəssislərə istinadla yazır ki, hazırda Azərbaycanın cənubunda və qərbində, o cümlədən Astara və Şəkidə modul tipli elektrik stansiyaları istifadəyə verilmişdir. Naxçıvan, Xaçmaz və Bakıda energetika obyektlərinin inşası davam etdirilir. Odur ki, Azərbaycan tezliklə özünü elektrik enerjisi ilə tamamilə təmin edən ölkəyə çevriləcəkdir. Bir sözlə, dövlətlərimiz arasında iqtisadi sahədə qarşılıqlı fəaliyyəti şaxələndirməyin və ən müxtəlif istiqamətlərdə konkret layihələri həyata keçirməyin vaxtı çatmışdır.