Azərbaycan Prezidentinin sözünün imzası qədər dəyərli olduğunu dünya liderləri də qeyd edirlər - ŞƏRH
Bakı, 6 mart, AZƏRTAC
Prezident İlham Əliyevin neft-qaz, eləcə də yaşıl enerji sahəsində əsasını qoyduğu strategiya Avrasiya materikindəki geosiyasi vəziyyətin yaxşılaşmasına böyük töhfə verir. Bir vaxtlar bəzi qüvvələrin böyük maneələr törətmək istədikləri, xəyal adlandırdıqları Cənub Qaz Dəhlizi Prezident İlham Əliyevin uzaqgörənliyi, qətiyyətli siyasi iradəsi sayəsində reallaşdı. Artıq üç ildən çoxdur Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi vasitəsilə bir sıra dövlətlərə ixrac edir. Yaşıl enerji sahəsində də Azərbaycanda həyata keçirilən böyük layihələr sayəsində ölkəmizdə istehsal olunacaq yaşıl enerjinin Avropa dövlətlərinə ixracı mümkün olacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva səsləndirib.
Müasir dünyada enerji təhlükəsizliyinin milli təhlükəsizliklə eyni səviyyədə ölçüldüyünü diqqətə çatdıran K.Əliyeva bildirib ki, Azərbaycanda istehsal olunan təbii qaz Cənub Qaz Dəhlizi vasitəsilə 8 ölkəyə, o cümlədən Avropanın 6 ölkəsinə ixrac olunur. Görülən işlər, həyata keçirilən layihələr Azərbaycanda təbii qazın azaldığını iddia edən qüvvələrə, dövlətlərə layiqli cavabdır. Avropada Azərbaycan qazına böyük tələbat var və ölkəmizin kifayət qədər qaz hasil etmək imkanı mövcuddur.
“Azərbaycanın yaşıl enerji sahəsində apardığı siyasəti və həyata keçirdiyi böyük layihələri dünya dövlətləri, beynəlxalq təşkilatlar yüksək qiymətləndirir. Yaxın vaxtlarda Azərbaycanda istehsal olunacaq yaşıl enerji də Avropaya ixrac ediləcək. Bir çox dünya dövlətləri Azərbaycanın etibarlı tərəfdaş dövlət olduğunu vurğulayır. Bütün bu amilləri nəzərə alaraq, dünya dövlətləri yekdilliklə COP29 kimi nüfuzlu konfransın Azərbaycanda keçirilməsi barədə qərar qəbul ediblər. Bu, Azərbaycanın dünyada böyük nüfuza malik olmasının göstəricisidir və ölkəmizin uğurudur”, - deyə deputat əlavə edib.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Cənub Qaz Dəhlizinin reallaşdırılması üçün aparıcı maliyyə institutlarının, bir sıra dövlətlərin və böyük şirkətlərin dəstək göstərdiklərini bildirən deputat bunun dövlətimizin başçısına inamın, etimadın nümunəsi olduğunu bildirib. Deyib ki, Azərbaycan Prezidentinin sözünün imzası qədər dəyərli olduğunu dünya liderləri də qeyd edirlər.