AZƏRBAYCAN QƏSƏBƏ BƏLƏDİYYƏLƏRİNİN MİLLİ ASSOSİASİYASI YARADILMIŞDIR
İclasa sədrlik edən AQBMA-nın yaradılması üzrə işçi qrupunun rəhbəri İlham Xəlilov təsis yığıncağından əvvəl işçi qrupunun son iclasının keçirildiyini bildirdi.
O, işçi qrupunun bu il oktyabrın 29-da Bakı şəhərində təşkilati məsələlərə dair keçirilmiş iclasında qəbul edilmiş nümayəndəlik normasına uyğun olaraq, təsis yığıncağına 152 nümayəndənin seçildiyini, onlardan 141-nin yığıncaqda iştirak etdiyini bildirdi.
Sonra gündəliyə daxil olan məsələnin müzakirəsinə başlandı.
Naxçıvan MR Qəsəbə Bələdiyyələri Assosiasiyasını, respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 138 qəsəbə bələdiyyəsini birləşdirən Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının (AQBMA) yaradılması barədə təklif nümayəndələr tərəfindən yekdilliklə bəyənildi.
Assosiasiyanın Nizamnamə layihəsinin bütün bələdiyyələrdə əvvəlcədən geniş müzakirə olunduğu, verilmiş təkliflərin nəzərə alındığı bildirildi. Nizamnamə səsə qoyularaq qəbul olundu.
Sonra AQBMA-nın rəhbər orqanları seçildi. Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov Assosiasiyanın sədri seçildi.
Sədrin müavinləri, idarə heyəti (11 nəfər), nəzarət-təftiş komissiyası (5 nəfər) da seçildi.
Assosiasiya üzvlərinin üzvlük haqlarının məbləğinin bələdiyyə ərazisində yaşayan əhalinin sayına görə müəyyən edilməsi barədə müvafiq qərar qəbul olundu.
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Ramiq Həşimov, Milli Məclisin deputatı, Regional məsələlər daimi komissiyasının üzvü Tahir Rzayev, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi rəisinin müavini Fazil Məmmədov, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Əbülfəz Babayev və başqaları çıxış edərək cəmiyyətimizin demokratikləşməsi, yerli özünüidarəetmənin təşkili sahəsində əsası müstəqil dövlətimizin qurucusu Heydər Əliyev tərəfindən qoyulmuş siyasi xəttin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini konkret faktlarla diqqətə çadırdılar. Şəhər, qəsəbə, kənd bələdiyyələri milli assosiasiyalarının yaradılması ideyasının dövlətimizin rəhbərliyi, Avropa Şurasının müvafiq orqanları, beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirildiyi vurğulandı. Çıxış edənlər yeni yaradılan Milli Assosiasiyanın mövcud problemlərin, qarşıya çıxan çətinliklərin həllində, Yerli Özünüidarə Haqqında Avropa Xartiyasında əks edilmiş prinsiplərin öyrənilməsi, təbliği və yerinə yetirilməsində mühüm xidmətləri olacağına əminliklərini bildirdilər və AQBMA–nın rəhbərliyinə uğurlar arzuladılar.
Yığıncaqda beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak edirdilər.
Təsis yığıncağından sonra idarə heyətinin və nəzarət-təftiş komissiyasının təşkilati məsələlərə həsr olunmuş ilk iclasları keçirildi.