Azərbaycan–Qırğızıstan münasibətlərində yeni inkişaf mərhələsinin əsası qoyulub ŞƏRH
Bakı, 1 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin Qırğızıstana həyata keçirdiyi dövlət səfəri və səfər çərçivəsində əldə olunan nəticələr Azərbaycanın uğurlu xarici siyasətin, Türk dünyasında artan nüfuzunun və etibarlı tərəfdaş mövqeyinin növbəti təsdiqidir. Bu səfər bir daha göstərdi ki, Azərbaycan təkcə regional deyil, eyni zamanda, türk dövlətləri arasında strateji əməkdaşlığın formalaşmasında aparıcı rol oynayan ölkələrdən biridir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım söyləyib.
Deputat bildirib ki, dövlətimizin başçısının səfər zamanı verdiyi mesajlar onu deməyə əsas verir ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qarşılıqlı etimad, ortaq tarix, milli-mənəvi dəyərlər və maraqlar üzərində qurulan əməkdaşlıq bu gün müttəfiqlik səviyyəsində inkişaf edir. Bu münasibətlər yalnız siyasi dialoqla məhdudlaşmır, iqtisadiyyat, investisiya, nəqliyyat, təhlükəsizlik, humanitar və mədəni sahələri də əhatə edən geniş strateji tərəfdaşlıq modelinə çevrilir.
“Səfər çərçivəsində imzalanan sənədlər və əldə olunan razılaşmalar bunu bir daha təsdiqləyir. Xüsusilə Azərbaycan–Qırğız İnvestisiya Fondunun kapitalının 200 milyon ABŞ dollarına çatdırılması iqtisadi əməkdaşlığın daha da genişlənəcəyindən, yeni investisiya layihələrinin reallaşacağından və hər iki ölkənin biznes mühiti üçün əlavə imkanların yaranacağından xəbər verir. Bu qərar iqtisadi münasibətlərin real nəticələrə hesablandığını və uzunmüddətli inkişaf strategiyasına söykəndiyini göstərir.
Humanitar əməkdaşlıq istiqamətində atılan addımlar isə Azərbaycan ilə Qırğızıstan arasında dostluğun və qardaşlığın nə qədər möhkəm təməl üzərində qurulduğunu nümayiş etdirir. Ağdamda "Manas" adına məktəbin istifadəyə verilməsi, Qarabağın bərpasına Qırğızıstanın verdiyi dəstək, Bakıda Çingiz Aytmatovun adını daşıyan park və abidənin yaradılması, İssık-Kul gölü sahilində "Bakı" hotelinin inşası xalqlarımız arasında qarşılıqlı hörmətin və mənəvi bağlılığın real ifadəsidir. Bu layihələr ortaq tariximizin, mədəni irsimizin və Türk dünyasının birliyinin gələcək nəsillərə ötürülməsinə xidmət edir”, - deyə deputat qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya dövlətlərinin Məşvərət Görüşlərində tamhüquqlu iştirakçı statusu qazanması isə ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun, etibarlı tərəfdaş kimi qəbul edilməsinin və Prezident İlham Əliyevin uzaqgörən xarici siyasət kursunun mühüm nəticələrindən biridir. Bu qərar Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin daha da dərinləşməsinə və Türk dünyasında inteqrasiya proseslərinin sürətlənməsinə yeni imkanlar açır.
“Səfərin ən mühüm siyasi məqamlarından biri də dövlət başçılarının qarşılıqlı şəkildə ali dövlət mükafatları ilə təltif olunması oldu. Prezident İlham Əliyevin Qırğızıstanın I dərəcəli "Manas" ordeninə, Prezident Sadır Japarovun isə Azərbaycanın ali dövlət təltifi olan "Heydər Əliyev" ordeninə layiq görülməsi iki ölkə arasında mövcud olan yüksək siyasi etimadın, qarşılıqlı hörmətin və strateji müttəfiqliyin ən yüksək səviyyədə qiymətləndirilməsinin ifadəsidir.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycan-Qırğızıstan münasibətlərində yeni inkişaf mərhələsinin əsasını qoydu. Bu səfər yalnız ikitərəfli əlaqələrin möhkəmlənməsinə deyil, bütövlükdə Türk dünyasında həmrəyliyin, siyasi birliyin, iqtisadi inteqrasiyanın və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın daha da güclənməsinə mühüm töhfə verəcək”, - deyə Fatma Yıldırım əlavə edib.