AZƏRBAYCAN RADİOSUNUN 80 VƏ TELEVİZİYASININ 50 İLLİYİ MÜNASİBƏTİLƏ YUBİLEY MƏRASİMİ KEÇİRİLMİŞDİR
Milli Məclis sədrinin müavini Bahar Muradovanın, Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icraçı katibi Əli Əhmədovun, hökumət qurumlarının, ictimaiyyətin nümayəndələrinin, elm, mədəniyyət və incəsənət işçilərinin iştirak etdikləri mərasimdə dünya şöhrətli cərrah, professor İhsan Doğramacının, Moldova, Gürcüstan, Türkiyə, Qazaxıstan televiziyaları rəhbərlərinin videotəbrikləri səsləndirilmişdir.
Mərasimdə çıxış edən xalq artistləri Azər Paşa Neymətov və Eldar Quliyev, Bakı Bələdiyyə Teatrının direktoru, xalq artisti Amaliya Pənahova, akademik Bəkir Nəbiyev, AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, milli radio və televiziyamızın Azərbaycan ədəbi dilinin inkişafında, milli mədəniyyətimizin, ədəbiyyatımızın təbliğində, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının yayılmasında əvəzsiz rolundan danışmışlar.
Təbriklərdə Azərbaycana rəhbərliyinin istər birinci dövründə, istərsə də müstəqil dövlətimizə başçılıq etdiyi illərdə Heydər Əliyevin radio və televiziyanın inkişafına, onun maddi-texniki bazasının, yaradıcılıq imkanlarının genişlənməsinə xüsusi diqqət və qayğı göstərdiyi xüsusi vurğulanmışdır.
Prezident İlham Əliyevin 2006-cı il 4 noyabr tarixli sərəncamları ilə Azərbaycan televiziyası və radiosunun bir qrup əməkdaşının fəxri adlara layiq görülməsi, Prezidentin fərdi təqaüdünün verilməsi, 14 nəfərin “Tərəqqi” medalı ilə təltif edilməsi bu diqqət və qayğının davamı kimi səciyyələndirilmişdir.
Mərasimdə respublikamızın incəsənət ustaları geniş konsert proqramı ilə çıxış etmişlər.