AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNİN SƏDRİ KİYEVDƏ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Ukrayna Konstitusiya Məhkəməsi sədrinin dəvəti ilə Kiyev şəhərində «Konstitusiya Məhkəməsi dövlət hakimiyyət orqanları sistemində» mövzusunda beynəlxalq konfransda iştirak etmişdir. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirmişlər ki, konfransı Ukrayna Prezidenti Viktor Yuşşenko giriş sözü ilə açaraq, tədbirə uğurlu iş arzulamışdır.
Daha sonra iştirakçı dövlətlərin konstitusiya məhkəmələrinin sədr və hakimləri Konstitusiya Məhkəməsi ilə ümumi yurisdiksiyalı məhkəmələr arasında münasibətləri, parlamentlə işbirliyi, Konstitusiya Məhkəməsinin qərərlarının icra olunması, hakimlərin müstəqilliyi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının Konstitusiya ədalət mühakiməsi sahəsində tətbiq olunması, konstitusiya məhkəmələrinin fəaliyyətinin səmərəliliyinin artırılması, konstitusiya ədalət mühakiməsinin müstəqilliyi və nüfuzu, konstitusiya məhkəmələrinin dövlət hakimiyyəti orqanları sistemində rolu və digər mühüm məsələlər üzrə məruzələrlə çıxış etmişlər. Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Konfransda, həmçinin Ukrayna Ali Radası, Prezident Administrasiyası, Ali Məhkəməsi və digər dövlət orqanlarının nümayəndələri iştirak etmişlər.
Səfər çərçivəsində Fərhad Abdullayev Ukrayna Konstitusiya Məhkəməsinin sədri Andrey Strijakla görüşmüşdür. Görüşdə hər iki dövlətin Konstitusiya Məhkəmələri arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.