AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNİN SƏDRİ XANLAR HACIYEVİN AZƏRTAC-IN MÜXBİRİNƏ MƏXSUSİ MÜSAHİBƏSİ
Müxbir: Xanlar müəllim, Azərbaycanın bəzi kütləvi informasiya vasitələrində Avropa Şurasının baş katibi Valter Şvimmerin “Turan” informasiya agentliyinə müsahibəsi dərc edilmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin üçüncü dəfə prezident seçilmək imkanlarının Azərbaycan Konstitusiyasına uyğun olmaması haqqında agentliyin müxbirinin sualına cavabında V.Şvimmer demişdir ki, bu məsələni reallaşdırmaq üçün Azərbaycan Konstitusiyasına müvafiq dəyişikliklərin edilməsi zəruridir.
Xahiş edirik, bu məsələyə aydınlıq gətirəsiniz.
XANLAR HACIYEV: Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə namizədlərin iştirakı məsələsi Konstitusiyada dəqiq göstərilmişdir. Görünür, Avropa Şurasının baş katibi Valter Şvimmerin cavabı “Turan” agentliyi müxbirinin ona verdiyi sualın qeyri-dəqiqliyi ilə bağlıdır. Həqiqətən də, Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin V hissəsinə əsasən, heç kəs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilə bilməz. Lakin “Turan” agentliyinin müxbiri sualı formalaşdırarkən Konstitusiyanın Keçid Müddəalarını nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin V hissəsində göstərilən hədd Azərbaycan Respublikasının prezidentliyinə namizədə o vaxt şamil edilə bilər ki, o, bu Konstitusiya qəbul olunduqdan sonra, yəni 1995-ci ildən sonra iki dəfə prezident seçilmiş olsun.
Odur ki, Azərbaycanın indiki dövlət başçısının 2003-cü il prezident seçkilərində öz namizədliyini irəli sürməsinə heç bir məhdudiyyət yoxdur.