AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
2001-ci il sentyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası kecirilmişdir.
İclasda Amerika Birləşmiş Ştatlarının Vaşinqton və Nyu-York şəhərlərində törədilmiş terror əməlləri müzakirə olunmuşdur. Təhlükəsizlik Şurasının üzvləri bu dəhşətli terror hadisəsini qətiyyətlə pisləmiş, beynəlxalq terrorizmə qarşı mübarizənin daha da gücləndirilməsi zəruriliyini vurğulamışlar.
Təhlükəsizlik Şurasında Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə təhlükəsizlik məsələləri ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. İclasda bildirilmişdir ki, bu istiqamətdə artıq müəyyən təcili tədbirlər görülmüşdür.
Təhlükəsizlik Şurasında həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev tərəfindən Bakının Binə hava limanının iş rejiminin ciddi nəzarətə götürülməsi, xarici ölkə səfirliklərinin mühafizəsinin təmin edilməsi ilə bağlı digər müvafiq göstərişlər verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ-ın Azərbaycandakı səfiri cənab Ross Vilsonla telefon danışığı zamanı bildirmişdir ki, səfirliyin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin olunması üçün xüsusi tədbirlər görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ Prezidenti Corc Buşa başsağlığı teleqramı göndərmişdir. Teleqramda törədilmiş terror əməlləri qətiyyətlə pislənilmiş, bu hadisənin dərin kədər hissi ilə qarşılandığı bildirilmiş, ABŞ Prezidentinə, bütün Amerika xalqına başsağlığı verilmişdir.